Azərbaycan qaz satışından 300 milyon dollar daha çox gəlir əldə edib - FOTO

23:40 17-05-2021 479

Azərbaycan yanvar-aprel ayları ərzində 7 milyard 837 milyon 538,3 min kubmetr həcmində 1 milyard 131 milyon 480,3 min dollar dəyərində təbii qaz ixracı həyata keçirib.

HerGun.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən illə müqayisədə ixrac həcmi 79,5 faiz, ixracdan əldə edilən gəlir isə 37,7 faiz artıb.

İlin dörd ayı ərzində Türkiyəyə 5 milyard 145,9 milyon kubmetr həcmində (708,3 milyon dollar dəyərində), Gürcüstana 1 milyard 738 milyon kubmetr həcmində (227,4 milyon dollar dəyərində) təbii qaz ixrac edilib.

Eləcə də, İtaliyaya - 733,9 milyon kubmetr (150,8 milyon dollar dəyərində), Yunanıstana - 127,8 milyon kubmetr (32,8 milyon dollar dəyərində), Bolqarıstana - 92 milyon kubmetr (12,2 milyon dollar) ixrac baş tutub.

Təkcə aprel ayında isə Türkiyəyə 1 milyard 27,3 milyon kubmetr, İtaliyaya 298,8 milyon kubmetr, Gürcüstana 243,7 milyon kubmetr, Yunanıstana 70 milyon kubmetr, Bolqarıstana 32,3 milyon kubmetr həcmində təbii qaz nəql edilib.

Nigar Məmmədova