Vaksini əvəz edəcək preparat hazırlanır

02:00 26-05-2021 495

Avstraliyalı alimlər COVID-19-un profilaktikası və müalicəsi üçün peyvəndlər əvəzinə istifadə edilə biləcək iki yeni preparat hazırlayıblar.

TASS-ın məlumatına görə, bu barədə Brisbendə yerləşən Berghofer Tibbi Tədqiqat İnstitutunun alimləri “Nature Cell Discovery” elmi jurnalında məqalə dərc ediblər.

Tədqiqatçıların sözlərinə görə, COVID-19 ağır formalarının qarşısının alınması və müalicəsi üçün hazırlanan hər iki dərman SARS-CoV-2 virusunun özünə deyil, hücum etdiyi hüceyrələrə təsir edir.

Preparat Fransada heyvanlar üzərində laboratoriya testlərindən keçib. İlkin nəticələr dərmanların istifadəsinin təhlükəsiz olduğunu və məhdud sayda yan təsirlərin aşkarlandığını göstərib.

Mütəxəssislər bildiriblər ki, klinik sınaqlar uğurlu alınarsa, birinci dərman infeksiyanın qarşısını almaq üçün peyvəndlə yanaşı, ikincisi isə artıq yoluxmuş xəstələrdə SARS-CoV-2 virusunun replikasiyasını dayandırmaq üçün istifadə edilə bilər.

Həmçinin o da qeyd edilib ki, hazırlanan preparatlar tibbi səbəblərdən vaksin vurdura bilməyənlərin koronavirusdan müdafiəsi üçün də istifadə oluna bilər.

Dərmanların COVID-19 xəstələrindən alınan qan nümunələri və hüceyrələr üzərində laboratoriya testləri zamanı artıq yüksək effektivlik göstərdiyi vurğulanıb. Bundan əlavə, preparatın xüsusi şəraitdə saxlanılmasına ehtiyac yoxdur.