Almanlar planetin xilas yolunu qatarlarda görür

03:40 24-06-2021 483

Almaniya planetimizi bəşəriyyətin mənfi təsirlərindən qurtarmaq üçün yeni yol tapıb. Belə ki, “Deutsche Bahn” (DB) milli dəmir yolu operatoru adi dəmir yolu şəbəkəsinin genişləndirilməsi sayəsində daha çox insanı avtomobillərdən qatarlara köçürməyi planlaşdırdığını açıqlayıb.

Bu barədə “Associated Press” xəbər verib.

Bildirilir ki, Almaniyada önümüzdəki illərdə dəmir yolunun ölkə daxilində uzun illərdir istifadə olunmayan 20 hissəsi açılacaq. Hökumət dizel mühərrikləri ilə işləyən minik və yük avtomobillərindən daha çox ekoloji cəhətdən təmiz nəqliyyatın gücünü artırmağı düşünür.

“Biz insanların diqqətini dəmiryoluna cəlb etmək və relslərə daha çox yük daşımaq istəyirik. Marşrutun hər kilometrinin məqsədi iqlimin aktiv şəkildə qorunmasıdır”, - deyə DB-dən bildirilib.

Məlumata görə, ümumilikdə 245 kilometr yolun açılması planlaşdırılır. Qeyd edilir ki, Almaniyada dəmir yolu şəbəkəsinin ümumi uzunluğu 33 min kilometrdən çoxdur.