Gözüyaşlı Ana 4 yaşlı serebral iflic uşağının müalicəsi üçün Mehriban xanım Əliyevadan kömək istəyir

15:55 30-06-2021 127

4 yaşlı serebral iflic uşağın anası, Bakı sakini Ülviyyə Mikayılova Azərbaycan Respublikasının I Vitse-Prezidenti Mehriban xanım Əliyevadan müalicə üçün kömək istəyir. 4 yaşlı serebral iflic uşağın anası, Bakı sakini Ülviyyə Mikayılovanın müraciətini olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

Hörmətli, Mehriban xanım Əliyeva,

Hələ XII əsrdə yaşayıb, yazıb, yaratmış ulu babamız şeyx Nizami Gəncəvi əsərlərinin birində deyirdi:

“Çalış ki, xalqının işinə yara,
Geysin əməlindən ellər zər-xara!”

Göründüyü kimi dahilər dahisi müdrik misralarını sanki Sizini xeyirxahlığınıza və humanist əməllərinizə ithaf etmişdir, Mehriban xanım!

Həqiqət naminə deməliyik ki, bu gün Azərbaycan inkişaf etmiş ölkələr sırasındandır. Ölkə başçımız cənab İlham Əliyevin və şəxsən Sizin uğurlu daxili və xarici siyasətiniz nəticəsində hər sahədə mühüm irəliləyişlərin olması göz önündədir və bu danılmaz gerçəklikdir.

Ölkə iqtisadiyyatı infrastrukturunun, təhsil sisteminin, idmanın, mədəniyyət və incəsənətin aramsız uğurlaırı böyük əminliklə deyə bilərik ki, hər bir azərbaycanlının qürur mənbəyi, milli sərvətidir. Bölgələrimizin abadlaşdırılması, yeni yolların, körpülərin tikintisi, bərpası Sizlərin gərgin zəhmətinizin parlaq təzahürüdür.

Hörmətli, Mehriban xanım Əliyeva,

Siz xalqımızın ən çətin, dramatik anlarında da millətimizi tənha qoymamısınız, öz qayğı və diqqətinizi xalqımızdan, eləcə də heç kimdən əsirgəməmisiniz. Bütün bunlara görə də xalq Sizi sevir və bir nəfər kimi ətrafınızda birləşərək götürdüyünüz siyasi kursu daim dəstəkləyir, ictimai-siyasi sabitliyə və əmin arxayın yaşayışa görə Sizə dualar edir.

Əziz Mehriban xanım,

Dəsti xəttiniz çoxdan bəllidir, maddi-mənəvi dəstəyinizlə yüzlərlə ağır xəstə şəfa, məşəqqətlərə məruz qalan yüzlərlə ailələr nicat tapıb. Məhz bu xeyirxahlığınıza, mərhəmətinizə görə də qapınıza pənah gətirməyim qaçılmaz olmuşdur.

Mən bir ana olaraq bu məktubu göz yaşları içində Sizə yazıb göndərirəm, Mehriban xanım!

Qısaca məlumat vermək istəyirəm ki, 4 yaşında oğul övladım Fariz Mikayılov anadangəlmə serebral iflicdir, onu əlil arabasında dolandırırıq. Bütün varımızı-yoxumuzu satıb, onun müalicəsinə yönəltmişik. Artıq satmağa heç nəyimiz qalmayıb.

Həm gözüm önündə xəstə, niskilli övlad, həm də yoxsul, rəzil yaşayış məni inanın ki, intihar həddinə çatdırıb, yaşamaq həvəsim yoxdur. Lakin təsəllim də böyükdür. İnanıram, ümid edirəm ki, millətimizin lider qadını Mehriban xanım köməkliyini ocağı, çırağı sönən ailədən əsirgəməyəcək.

Mehriban xanım, Allah xatirinə, insanlıq naminə ağır dərdimizi, yoxsulluğumuzu nəzərə alaraq oğlumun dövlət hesabına müalicə olunması üçün Səhiyyə Nazirliyinə müvafiq göstəriş verməyinizi səmimi qəlbdən xahiş edirəm. Sizin bu qayğı və diqqətinizi heç zaman unutmayacağam, həmişə adınız uca, xatirinizi əziz tutacağam.

Səbirsizliklə xoş xəbər gözləyirəm.

Ulu Tanrı Sizi qorusun, kölgənizi millətimizin başı üstündən əskik etməsin, Amin!

Əlaqə telefonu: 070 287 80 70

Səmimi hörmətlə: Ülviyyə Mikayılova