Vaksinlərə qarşı “Əks göstəriş sertifikat”ı veriləcək - RƏSMİ

10:20 02-08-2021 52

Avqustun 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Qeyd olunub ki, “Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək.

Bildirilib ki, komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikat”ı veriləcək:

“Əks göstərişləri olmayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır”.