QƏLƏBƏ SEVİNCİ YAŞADANLAR

 

Şəhid Əsədov Saleh  Səməd oğlu

17:19 17-08-2021 819

 

      44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin  zabit və əsgərlərinin  şücaətindən nə qədər yazsaq da, nə qədər filmlər çəksək də  yenə də azdır.Bu döyüşlərdə Azərbaycan  zabitlərinin,əsgərlərinin  göstərdiyi qəhrəmanlıqlar  dünyanı mat elədi.

    Silahlı Qüvvələrimiz döyüşlərdə hərb tarixinə yenilik kimi düşən ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Bunun sayəsində  ordumuz həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi işğalçı erməni qoşunlarından təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını, canlı qüvvəsini darmadağın etdi.   

Beynəlxalq təşkilatların 28 il yarımda edə bilmədiklərini Azərbaycanın şanlı Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Ata-baba torpaqlarını erməni işğalçılarından azad etdi.

   Silahlı Qüvvələrimizin döyüşçüləri əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya qurğularını, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu iflic vəziyyətinə saldı.  Qələbə sevincini xalqımıza yaşadan başda Ali Baş Komandanımız Müzəffər İlham Əliyev olmaqla, döyüş meydanın­da əsl qəhrəmanlıq, igidlik  göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz bu qəhrəmanlarımızın  rəşadəti nəticəsində  iflic vəziyyətə düşən Ermənistan ordusu bütün köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzdu. Azərbaycanın şanlı Ordusunun qarşısında tab gətirə bilməyən düşmən döyüş meydanında  silah-sursatlarını qoyaraq  qaçmağa  məcbur oldular.Bununla da Silah­lı Qüvvələrimiz “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi.

     Xalqımız  qələbə sevinci yaşadı. Silahlı Qüvvələrin Ali Baş Komandanı Müzəffər  İlham Əliyevin rəhbərliyi ilə  2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 28 il yarımda  qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Zəfər tariximizə imaz atan qəhrəmanlarımızdan biri də Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açan Şəhid Əsədov Saleh  Səməd oğludur.

   Əsədov  Saleh Səməd oğlu 29 fevral 1984-cü il tarixdə Beyləqan rayonunun  Kəbirli kəndində  dünyaya göz açıb. O, 1991-ci ildə Beyləqan rayonu şəhid M.Fərzəliyev adına  Kəbirli kənd  tam orta məktəbində 1-ci sinifə gedib 2002-ci il tarixdə həmin  məktəbi müvəffəqiyyətlə bitirib.

Orta məktəbi bitirdikdən sonra  əsgərlik yaşı çatdığına görə  ölkəmizin  vətənpərvər övladları kimi  o, da əsgəri xidmətə çağırılıb.

...Əsgərlik xidmətini Goranboy rayonunda “N” saylı  hərbi hissədə edən Saleh  öz nümunəvi davranışı, nizam- intizamı ilə də komandir heyətinin rəğbətini qazanmışdır. Hərbi xidməti  bitdikdən sonra böyüyüb boya-başa çatdığı Kəbirli kəndinə qayıdıb. Əsgərlikdən qayıtdıqdan  az  sonra  onda hərbi sahəyə olan maraq  Salehi yenidən bu sahəyə qaytarır...

...Saleh  yeddi qardaşdr. Salehin böyük qardaşı hərbiçi olduğu üçün onun da hərb sahəsinə böyük marağı olub. Bu marağı Salehdə  böyük qardaşı Ələddin Əsədov yaratmışdı. Böyük qardaşı Ələddin Hərbi Akademiyanı bitirib  “N” saylı hərbi hissədə zabit kimi xidmət edib. Murovdağ uçqununa düşüb. Ağır xəsarət alıb ordudan tərxis olub. 2016-cı ildə  dünyasını dəyişib.Allah rəhmət eləsin.

    Salehin  kiçik qardaşı Nizami Səməd oğlu Əsədov da  44 günlük müharibədə  döyüşüb.

...Saleh hərbi xidmətini başa vurduqdan qısa müddət sonra sənədlərini Müddətdən artıq  həqiqi hərbi xidmət hərbi qulluqçularının (MAHHXHQ)  hazırlığı kursuna  verib. 20 oktyabr 2009-cu il tarixdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müddətdən artıq  həqiqi hərbi xidmət hərbi qulluqçularının (MAHHXHQ)  hazırlığı kursuna daxil olub, 09 yanvar 2010-cu il tarixdə 76mm-130 mm top komandirlik   kursunu  uğurla bitirib.

    Kursu uğurla bitirərək Beyləqan rayonunda yerləşən “N” saylı  hərbi hissədə top komandiri kimi  xidmətə başlamış,sonradan Piyadanın Döyüş Maşınında (PDM-3) tuşlayıcı-operator vəzifəsində xidmət etmişdır.

          Çavuş Əsədov  Saleh Səməd oğlunun  təltif olunduğu medallar:

   -26 iyun 2013-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin  0106t  əmri ilə “Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley  medalı ilə təltif olunub.   

   - 24 iyun 2019-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin  076t  əmri ilə “Azərbaycan Ordusunun  100  illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.   

   -26 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin  0159t  əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

          Vətən müharibəsində təltif olunduğu medallar (ölümündən sonra):

Qəhrəmanlıq göstərərək adını zəfər tariximizin şanlı səhifəsinə yazan çavuş Əsədov Saleh Səməd oğlu ölümündən sonra-iştirak etdiyi döyüş əməliyyatlarında və hərbi hissə qarşısında  qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti   İlham Əliyevin  Sərəncamları ilə ölümündən sonra -15 dekabr  2020-ci il tarixli  Sərəncamı ilə “Vətən uğurunda ” ,  24 dekabr  2020-ci il tarixli  Sərəncamı ilə “Cəbrayılın   azad olunmasına görə ” , 24 iyun   2021-ci il tarixli Sərəncamı ilə “Fizulinin  azad olunmasına görə ”  , 24 iyun  2021-ci il tarixli  Sərəncamı ilə “İgidliyə görə ”   medalları ilə təltif olunub.

        Çavuş Əsədov  Saleh Səməd oğlu  hərbi hissədə xidmət etdiyi illər ərzində komandanlıq tərəfindən  dəfələrlə  fəxri fərmanlarla təltif edilib:

    -2012-ci ilin yekunun əsasən döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə ,

   -19 mart 2014-cü il tarixdə Novruz bayramı münasibətilə, döyüş və ictimai-siyasi hazırlıqda, nizam-intizamda yüksək nailiyyətlər  əldə etdiyinə görə

    -30 dekabr 2014-cü il tarixdə  “31  Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibəti ilə  və 2014-cü tədris ilində döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə ,

     -26 iyun 2016-cı il tarixdə “26 iyun Silahlı Qüvvələr Günü” münasibətilə, döyüş və ictimai-siyasi hazırlığın yüksəldilməsində və hərbi  intizamın  möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə ,

   - 01 feval 2017-ci il tarixdə  Xidmət müddətində yüksək hərbi intizam  nümayiş etdiyinə, döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə , eləcə də “2 fevral Gənclər günü” münasibəti ilə  təltif olunur.

    ...27 sentyabr  2020-ci il tarixdə Vətən müharibəsi başladı. Saleh bu müharibəyə top komandiri, eyn zamanda PDM-3-də  tuşlayıcı-operator kimi  başlayır. Saleh kamandirləri tərəfindən ona verilən əmr və tapşırıqları vaxtında və dəqiq yerinə yetirmişdir. PDM-3 də tuşlayıcı operator kimi həm də top komandiri kimi  düşmənin mvqelərini  sərras və dəqiq  atışla məhv etmişdir.

    2020-ci il  oktyabr ayının 8-də Füzuli-Cəbrayıl istiqamətində qanlı döyüşlər gedirdi. Bu döyüşlərdə  igidlik, qəhrəmanlıq göstərən Saleh və döyüşçü dostları bir neçə kənd və postları  işğaldan azad edirlər.

Salehgil günortadan sonra  döyüşdən istirahətə dönüblər.  Saar 3-4 radələrində aşağıya  düşəndə mənfur düşmən  qadağan olunmuş  silah olan kasetli bomba atır. Saleh döş qəfəsindən  qəlpə yarası alaraq  şəhidlik zirvəsinə ucalır.

     Əsədov  Saleh Səməd oğlu 2020-ci il  oktyabr ayının 9-da Kəbirli kənd Şəhidlər xiyabanında  dəfn olunmuşdur. Allah rəhmət eləsin.

Saleh  şəhid olsa da  səsi qalıb, gülüşü qalıb, sözləri qalıb vatsapda.

Adını bilmədiyim bir şair şəhid  Əsədov Saleh Səməd oğluna  bir şeir  həsr edib. Şeiri həyəcansız oxumaq mümkün deyil. Şəhidimizə aid  yazılan bu şeirə görə  adını bilmədiyim şairmi, şairəmi çox sağ olun, deyirəm.

 

 Dünya pəncərə dedilər,

Bir yol dönüb baxdım mən də.

Qanımla daşları yazdım,

Kimsə azmasın vətəndə.

 

Yolları yormadı izim,

Bir qəlbi  qırmadı sözüm.

Ocağımda qaldı gözüm,

Vida etmədim gedəndə.

 

 Səid,Səməd əmanətim,

Şəhadətdi son niyyətim.

Dastan olar cəsarətim,

Anlayarlar böyüyəndə.

 

Çağırsanız ad olaram,

Yanıxsanız  od olaram.

Vallah, narahat olaram,

Sizlər ah-nalə edəndə.

 

Yurdum zirvə, mən çən oldum,

Müqəddəslərə tən oldum.

Vətən boyda VƏTƏN oldum,

Siz rahat gəzin sinəmdə.

Qanımla torpaq qazandım,

Yad eyləyin becərəndə...

 

 

    Şəhidimizin həyat yoldaşı Əsədova Aytən  Ağakərim qızı:

Mən, Əsədov Saleh  Səməd oğlunun həyat yoldaşıyam. Ailə quranda  Saleh  hərbi xidmətdən, yəni əsgərliyə gedib gəmişdi. O, beş-altı il olardı ki,  əsgərlikdən gəlmişdi. 29 oktyabr 2007-ci il tarixdə Salehlə  ailə qurmuşuq.

    2009-cu ildə top komandiri üzrə  kursa getdi. Əvvəlcə kiçik çavuş idi. İşlədikcə çavuş oldu.

   ...Vətən müharibəsi başlamamışdan əvvəl  müharibənin başlamasını bilirdisə də evdə bu barədə danışmırdı.

    20 sentyabr 2020-ci il tarixdən  evə gec-gec gəlməyə başlamışdı. Həmin  ərəfədə insanlar  elə bilirdi ki, müharibə olacaq. Amma bu barədə heç kim dəqiq bilmirdi ki, müharibə başlaya bilər.

Həmin ərəfədə evə gec gəlirdi. İki-üç il idi ki, hərbi hissədə sürücü işləyirdi. Piyadanın Döyüş Maşınının sürücüsü idi, həm də top komandiri idi. Müharibədə həm top komandiri olub, həm də sürücü. Döyüşə Füzuli istiqamətindən başlayıb. Cəbrayıla qədər  döyüşüb. 08 oktyabr 2020-ci il tarixdə Cəbrayıl istiqamətdə gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

  20 sentyabrdan sonra evə gec-gec gəlirdi. Soruşanda,deyirdi:

-Ora, irəli  ayın-oyun daşıyıram. Nə daşıdığını deməzdi. Kənd arasında eşitdiyimi deyirdim ki, belə şeylər danışılır ki, müharibə başlayır. Hazırlıq gedir.

Deyirdi ki, fikir verməyin, danışırlar da.

Sürücü olduğuna görə  həmişə yuxarı ayın-oyun aparardı.

26-sı sentyabr 2020-ci il tarixdə mənə zəng elədi:

- Mən gəlirəm Bolsuluya.(Beyləqan ərazisində kənd. red.) Ora mənə paltar göndər.Mən çıxıram. Bir neçə günlük gedəcəm. Paltarları qardaşım Şamildən göndərdim. Qardaşımın maşını var.

   27 sentyabr 2020-ci il tarixdə müharibə başladı.  Gündə bir dəfə, iki dəfə onun imkanı olanda zəng edərdi, danışardıq. Zəng edəndə də salamat olduğunu bilərdik. Bu bizə bəs edərdi ki, Saleh sağ-salamatdır. Mən özüm elə deyirdim ki, səsini eşidək ki, salamatçılıqdır.

   Sonuncu dəfə Salehlə oktyabrın  yeddisi  axşam danışmışıq:

-Uşaqlarımızı soruşdu. Onda kəndimizin ərazisindən də atırdılar. Burada da səs-küy çox olurdu. Uşaqlar qorxurdu deyin onları soruşdu. Uşaqları Bakıya apartmışdı.  Mən özüm evdə qalmışdım.

Salehin şəhid olma xəbərini əvvəlcə bilmədik. Dedilər ki, qaynın yaralanıb. 8 oktyabr saat üç-dörd  radələri olardı.Dayım zəng elədi . Nizami də orada idi. Dedi ki, qaynın yaralanıb.Get bizə. Anam eşidər qorxar. Getdim ora. Orada dedilər ki, Salehin idarə etdiyi maşın aşıb. O birisi qaynım Bakıdaydı.Zəng elədi. Bilmirdi ki, mən bilmirəm. Dedi:

-Bacı, qorxma. Salehin maşını aşıbdı. Hamı yığışıb ora gedir. Heç nədən qorxma. Elə qolu sınıb.

    Onda şübhələndim. Sonra qohumumuz var. O, gəldi. Bizi apardı Füzuliyə. Orada Salehi axtarırdıq. Tapa bilmirdik. Kimliyi üstündə olmadığı üçün  tapmaqda çətinlik çəkirdik. Kimliyini çıxartmışmış. Onu qoyub getmişdi. Salehi qospitala dostu çatdırmışdı. Dostu deyib ki Əsədov Salehdi.  Bir də dostuna son nəfəsində adını deyib-Əsədov Saleh.Dostu da tibb bacısına deyib-Əsədov Saleh. Ondan bildilər. ..

  Kəndimizdə on yeddi şəhidimiz var. Saleh də o qardaşlarının yanında  dəfn olunub.Onların hər biri ayrı-ayrılıqda qəhrəman idi. Kəndimizin seçilmiş oğulları,qəhrəmanları, igidləri idilər.

Saleh  vətənpərvər olduğu qədər də ailəcanli, övladlarina həddən çox bağli idi.

Ata-anasından ötür ölürdü...

 

  Saleh şəhid olanda  otuz yeddi yaşı var idi.

Şəhid olandan sonra  dörd medal veriblər . Canla-başla  vuruşub.

Yazıçı-publisist Vidadi Hidayət:

-Şəhidlik ən uca zirvədir. Şəhid Peyğəmbərimizlə bir yerdədir. Məhəmməd Peyğəmbərlə (s.ə.s) bir yerdədir. Siz şəhidin həyat yoldaşısınız. Oğlunuz da Şəhid oğludur.Başınızı uca tutun.

      Şəhidimizin iki övladı  yadigar qalıbdır.  Əsədov Səmıd  Saleh oğlu 08 iyul 2008-ci ildə, Əsədzadə Səid  Saleh oğlu 05 iyul 2011-ci ildə  anadan olublar. Şəhidimizin övladları qəhrəman ataları ilə fəxr edirlər. İndi onların ən müqəddəs yeri Kəbirli kənd Şəhidlər xiyabanıdır.Burada ataları Saleh və Kəbirli kəndinin qəhrəman oğulları uyuyur.İndi bu məkan  bütün Kəbirlilərin ziyarətgah yerinə çevirilib. Günün  hansı vaxtında  buraya gəlsən qəhrəman şəhidlərimizi ziyarət edənləri görmək olar.  Allah şəhidlərimizə rəhmət eləsin.

Azərbaycanın şanlı Ordusu 44 günlük müharibədə tarixi Qələbə qazandı.

Bu qələbə sevincini  yaşadanlara eşq olsun!