Naxçıvanda intensiv hərbi hərəkətlilik: Ermənistana ikinci “Dəmir yumruq” mesajı – ŞƏRH

12:00 01-09-2021 887

Ermənistanda Baş nazir Nikol Paşinyan orduda şəxsi heyətin çatışmazlığını, psixoloji və döyüş hazırlığı səviyyələrinin bərbadlığını kompensasiya etmək üçün qadınların icbari hərbi xidmətə çağırılmasını məqbul sayır. Paşinyan bunu demoqrafik vəziyyətlə əlaqələndirir.

Ermənistandakı acınacaqlı və fəlakətli mənzərə fonunda təkcə Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Orduda bir ay ərzində (avqustda) keçirilən intensiv hərbi təlimlərə diqqət çəkmək istərdik.

İsti avqust günlərində Naxçıvanda keçirilən təlimlərin siyahısını təqdim edirik:

1. Avqustun 5-də Əlahiddə Ümumqoşun Orduda xüsusi təyinatlı bölmələrin təlimi keçirilib;

2. Avqustun 10-da tank və mexanikləşdirilmiş birləşmələrin aktiv məşğələləri keçirilib;

3. Avqustun 14-də hava hücumundan müdafiə bölmələri təlimlərə cəlb olunub;

4. Avqustun 20-də minaatan bölmələr təlim atışları keçirib;

5. Avqustun 31-də xüsusi təyinatlı bölmələr növbəti təlim keçirib.

Birinci və beşinci bəndlər sırf antiterror təlimləridir, digərləri isə dolayı da olsa antiterror təlimləri ilə əlaqəlidir.

Naxçıvan Azərbaycanın strateji əhəmiyyətinə görə ən vacib nöqtəsidir, Qarabağda müharibə Azərbaycanın qələbəsi ilə başa çatdıqdan sonra Ermənistanla dövlət sərhədinin Naxçıvan istiqamətində də möhkəmləndirmə işləri həyata keçirilir.

Digər amillərə toxunmadan demək olar ki, indi təkcə Əlahiddə Ümumqoşun Ordu Ermənistanı məhv etməyə qadirdir.

İlin əvvəlində Naxçıvanda intensiv təlimlərə start verilib, Türkiyədən olan hərbçilər də bəzilərinə qatılıb.

Məsələn, iyunun 22-də Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlimi keçirilib. Avqustun 31-də xüsusi təyinatlıların təlimində də Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu müşahidəçi və təlimatçı qismində iştirak edib. 

Təlimlərin ardıcıllığı və xarakteri antiterror əməliyyatlarına hazırlıq məqsədinin elanıdır, Ermənistan üçün kabusa çevrilən Azərbaycan xüsusi təyinatlılarının məşqlərinin ictimailəşdirilməsi isə İrəvanın qorxularını və isterikasını dərinləşdirir.

Antiterror əməliyyatları miqyasına və xarakterinə görə müharibədən fərqlidir, müharibə daha çox hərbi texnika, daha çox canlı qüvvə tələb edir, itki ehtimalı yüksəkdir. Ancaq antiterror təlimləri qısa müddətdə az itki və ya itki olmadan hədəflərə nail olmaq deməkdir.

Ermənistan müharibənin bitdiyini elan edən 10 noyabr bəyanatının 4-cü bəndini, qoşunlarının Rusiya sülhməramlıların məsuliyyət zonasında olan ərazilərindən çıxarılması məsələsini yubadır, bununla vaxt qazanmağa çalışır.

Azərbaycan isə diplomatik həmlələr və hərbi gücü ilə Ermənistanı sıxışdırmaq, bununla sülhə məcbur etmək taktikasını işə salır. Ancaq bir tərəfdən də ehtiyatı əldən vermir, ona görə də mütəmadi hərbi təlimlər keçirir və Ermənistana növbəti “Dəmir yumruq” mesajını verir.

Aqşin Kərimov