İran da dostunu dirildə bilmir: Paşinyan Gorus-Qafan yolu ilə bağlı razılaşmanın məğzini açıqlayır – TƏHLİL

11:00 16-09-2021 508

Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 15-də ölkə parlamentində çıxışı zamanı səsləndirdiyi tezislər növbəti təslimçi ruhun bəyanıdır.

Öncəliklə qısa da olsa bəzi qeydlərimizi səsləndirək. Paşinyanın dedikləri o zamana təsadüf etdi ki:  

1. Azərbaycan-Türkiyə hərbi təlimləri intensivləşdi,

2. Azərbaycanda Türkiyənin Xidmət Qrupu Komandanlığının fəaliyyətə başladığı açıqlandı,

3. Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyəyə səfər etdi, müzakirələr aparıldı,

4. Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana hər hansı təhdidi Türkiyəyə təhdid kimi qiymətləndirdi,

5. Artıq dövlət sərhədinin Kəlbəcər, Laçın və Naxçıvan istiqamətində atəşkəs pozulmur, yəni bu o deməkdir ki, Azərbaycan lazımi və mühüm strateji nöqtələrdə möhkəmlənib.

Azərbaycanın müharibədə Ermənistan üzərində qələbəsindən Ermənistan siyasi dairələrində bundan sonra gələ biləcək riskləri hesablaya bilən beyinlər var idi, hərçənd bu mövqelərin boğulması və ya kompensasiyası üçün revanşist açıqlamalar da verilirdi.

Bəzən hökumətdən gələn revanşist ritorikanın arxasında isə məğlubiyyət sindromu dayanırdı, əslində, yeni müharibə üçün nə hərbi güc, nə də mənəvi resurs olmadığını aydın başa düşürdülər.

Nikol Paşinyan sentyabrın 15-də müharibədən sonra Azərbaycanın Ermənistanla sərhədlərini müəyyənləşdirməsi prosesində Bakının diktə etdiyini dolayı da olsa dilə gətirib.

Onun “Ermənistan hakimiyyəti qoşunlarını Sovet sərhədlərinə çəkməsəydi, bu, fəlakətli bir səhv olardı”- deməsi o mənaya gəlir ki, əgər İrəvan başqa varianta və ya vaxt qazanmağa əl atsaydı, o zaman Azərbaycanın cavabı daha ağır olacaqdı.

Bəs sual oluna bilər ki, Ermənistan niyə davakar tərzdə bəyanatlar verirdi? Bunun cavabı çox sadədir, deyilənlər əslində dərin intellektual və mənəvi, iqtisadi böhran keçirən Ermənistanda cəmiyyəti vəziyyətə tədricən hazırlamaq cəhdləri idi.

Nikol Paşinyan deyib ki, həmin qərarlar Ermənistanın ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün qəbul edilib.

“Bu qərar müzakirələr və dərin təhlillər əsasında qəbul olunub. Düzdür, sonradan həmin müzakirələrin bəzi iştirakçıları xəbərsiz olduqlarını bildirdilər”, - deyə Nikol Paşinyan söyləyib. Yəni, bu qərarları verənlər məsuliyyəti boyunlarından atmaq və “mübariz” obrazlarını yaratmaq istəsələr də, bu, əbəs idi.

Paşinyanın ritorikasına yumşaq notlar qatmağının səbəblərindən biri də, Ermənistan ətrafında mühasirənin daralması, Azərbaycanın sərhəddə yeni mövqelər qurması və strateji nöqtələrdə möhkəmlənməsidir.

Üstəgəl, Azərbaycan polisi Ermənistanın sonuncu nəfəsliklərindən birində - Gorus-Qafan yolunda (magistralın 21 kilometri Azərbaycan ərazisindədir) polis postu qurub, İranla ticarətin əsas marşrtutu olan bu magistraldan keçən İran avtomobilləri Azərbaycan polisinin süzgəcindən keçir.

Artıq İranın iki sürücüsü Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisinə keçməyə cəhd edərkən saxlanılıb.

Paşinyan Ermənistan-İran nəqliyyat arteriyalarına tıxac vurulduğu bir zamanda yeni detalı diqqətə çatdırmaq məcburiyyətində qalıb.

İndi aydın olur ki, Gorus-Qafan yolunda nəqliyyat vasitələrinin tranzit kimi istifadəsinə dair razılıq əldə olunub – özü də 2020-ci ilin dekabrında. Lakin razılıqda xarici ölkələrə məxsus yüklərin daşınması nəzərdə tutulmayıb.

Vaxt Ermənistanın əleyhinə işlədikcə, Paşinyan əldə olunan digər razılaşmaları da ictimaiyyətə açıqlayır, o, indi etiraf edir ki, 2021-ci ilin 11 yanvar üçtərəfli bəyanatı məhz Azərbaycanın şərtləri əsasında qəbul edilib. Paşinyan 2020-ci ilin dekabrında qəbul edilən hansı razılaşmadan danışarkən də Bakının həmin dövrdə diktələrinin İrəvan tərəfindən qəbul olunduğuna diqqət çəkir.

Paşinyan Gorus-Qafan yolunda Azərbaycanın İran avtomobillərini yoxlamasını da düzgün addım kimi xarakterizə edib.

Paşinyan Türkiyənin regionda artan rolunu və nüfuz dairəsini genişlətməsini də görür, ona görə Ankaraya isti mesajlar verir.

Ona görə də Türkiyə ilə dialoqa başlamaq üçün hazır olduqlarını bəyan edib.

Gedişatlardan çıxaracağımız mümkün proqnozlara gəlincə:

- İran mövqeyində redaktələr etməsə, bu, onun da iqtisadiyyatına mənfi təsir edəcək, Gorus-Qafan yoluna görə Tehran Bakı ilə heç zaman açıq konfrontasiyaya girməyə cürət etməyəcək,

- Ermənistan Azərbaycanla sülh müqaviləsi üçün ilkin şərtlərin formalaşdırılmasını subliminal mesajlarla erməni cəmiyyətinə çatdırır. Artıq Paşinyan Gorus-Qafan yolundakı hadisələri şərh edərkən Azərbaycan toponimlərindən istifadə edir. Hadisənin Eyvazlı və Çayzəmi yaxınlığında baş verdiyini bildirir. Bu isə sülh müqaviləsinin imzalanacağına, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağına gətirib çıxaracaq, 

- Sülh müqaviləsi imzalanarsa, İrəvanla Ankara arasında da buzlar əriyəcək.

Aqşin Kərimov