İranın dərdini çəkən Şeyx, Allah ürəyinizcə versin

15:40 22-09-2021 278

Kubra Məhərrəmova yazır...

Hər dəfə İran Azərbaycana qarşı xüsusi təyinatlı mollalarını “hürdürəndə” deyirəm yox, vallah bu dəfə Şeyximiz dillənəcək, çımxıracaq mollaların üstünə ki, bəsdirin, qurtarın bu komediyanı. 

Amma ki, Şeyx elə israrla susur. Çox ümid edirəm ki, sağlığında bir problem olmaz. Yəni başı səhhətinə qarışmayıb. Ya da ki, Şeyx çox səbirli adamdır. O qədər səbirlidir ki, tükü də tərpənmir.

Çünki hər kim olsa idi, İranın Azərbaycana göndərdiyi “Şirin quyruğu ilə oynamayın” mesajına heç olmazsa, “Twitter”də cavab yazardı. Yoxlamışam, “Twitter”də də hesabı var. Deməli ki, Şeyxin beynəlxalq arenaya çıxışı var, əmma ki, İrana deyə biləsi sözü yoxdur. Bəlkə elə İran Şeyxin gözündə “şir”dir? 

Qeyd edim ki, Şeyx Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü il tarixində Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə ömürlük sədr - Şeyxülislam seçilib, üstəgəl Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur. Yəqin ki, tarix elmləri doktoru yaxşı bilir ki, əsrlər boyu İranın Azərbaycanla münasibəti baldız-gəlin kimi olub. Yəni üzdə gülüb, dalınca işlər çevirib. Əgər ki, biz “Tarixi-Nadiri” yarıya qədər oxuyan qara millət bunu anlayırıq, bəs Şeyx niyə münasibət bildirmir? 

Sizə deyim ki, Şeyx elə-belə adam deyil. Şeyxin xeyli sayda ən yüksək mükafatları var. Bəs niyə bu mükafatların sahibi bir dəfə də olsun Azərbaycanın maraqlarını heç olmazsa sözdə müdafiə etmir. 

Heç olmazsa ayətullah Xameneiyə “WhatsApp”da səs göndərsin ki, bəsdirin, yığışdırın özünüzü. Niyə Qafqazın dini lideri öz ölkəsinin maraqlarını qorumur? 

Niyə İran xüsusi təyinatlı mollalarının dili ilə öz siyasi mesajını bizə, Azərbaycana göndərir, söylətdirir, amma bizim “ağır artilleriya” səssiz durub. Allah haqqı adamı ağlamaq tutur.  

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin dediyi “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir” cümləsi yadımızdan çıxmayıb. 

İranın bizə fətva, erməniyə silah, yanacaq göndərməsi yadımızdan çıxmayıb.

Ərdəbilin imamcüməsi ayətullah Seyid Həsən Amilinin Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görməsi yadımızdan çıxmayıb. Hələ xütbəsində Azərbaycana dəstək verən Türkiyə və Pakistanı da hədələyib.

Həmçinin onu da anlayırıq ki, Azərbaycanın öz sərhədlərində, Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqəsi qurması İranı cin atına mindirib. Çünki İran Qarabağa 30 il ərzində olduğu kimi yükünü azad daşıya bilmir. SEPAH-ın Azərbaycan sərhədində tələm-tələsik hərbi təlimlərin keçirilməsinin də mənasını başa düşürük. İran həm hərbi, həm siyasi, həm də dini müstəvidə Azərbaycanı təhdid edir.

XİN siyasi tərəfdən müdafiə və hücum taktikasını qurub, ordu hərbi baxımdan, bircə qalır dini baxımdan.

Bir də yadından çıxmır ki, Şeyx il yarım əvvəl ABŞ Prezidenti Donald Trampa İrana qarşı sanksiyaların dayandırılması üçün müraciət etmişdi. 

Məktubdan bir hissəsi diqqətinizə çatdırıram. 

“Humanitar fəlakət həddində yaşayan qonşu İran xalqının əzab-əziyyətləri barədə bizə daxil olan müraciətlər belə bir fövqəladə dövrdə fövqəladə qərarların verilməsini zəruri edir. Sizdən rica edirik ki, humanizm və bəşəri həmrəylik naminə İran xalqına qarşı sanksiyaların dayandırılmasına, pandemiya dövründə bütün qadağa və məhdudiyyətlərə moratorium qoyulmasına, İran xalqının təcrid və böhrandan azad olmasına dair qərar verəsiniz”. 

İranın dərdini çəkən Şeyx, Allah ürəyinizcə versin.