Ceyhun Bayramov BMT baş katibinin müavini ilə görüşdü

17:20 24-09-2021 406

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində BMT baş katibinin terrorla mübarizə üzrə müavini Vladimir Voronkov ilə görüşüb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə tərəflər Azərbaycan və Terrorçuluğa qarşı Mübarizə Komitəsi arasında əməkdaşlıq məsələlərini müzakirə etdilər və terrorçuluğa qarşı mübarizədə birgə fəaliyyət üzrə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov ölkədə Qabaqcıl Sərnişin Məlumatı (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) sistemlərinin inkişaf etdirilməsində Azərbaycanın əlaqədar qurumlarına göstərdiyi texniki dəstəyə görə BMT-nin Terrorçuluğa qarşı Mübarizə Komitəsinə təşəkkürünü bildirib.

Nazir həmçinin Azərbaycana qarşı son təcavüzü zamanı Ermənistanın xarici terrorçu döyüşçülərdən istifadə etməsi barədə qarşı tərəfə məlumat verib.

Ceyhun Bayramov bu xüsusda, xaricdə yaşayan erməni icma üzvləri tərəfindən Azərbaycanın suveren ərazilərində terror fəaliyyətini maliyyələşdirmək üçün qeyri-kommersiya təşkilatlarından sui-istifadə etməsini diqqətə çatdırıb.

Vladimir Voronkov terrorçuluğa qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsini təqdir etdi və bu təcrübənin digər ölkələrlə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Tərəflər eyni zamanda, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.