“Star Trek” serialının “Kapitan Kirk”i Bezosun gəmisində kosmosa yollanır - FOTO

02:40 26-09-2021 435

“Ulduz yolu” (“Star Trek”) serialında “Kapitan Kirk” rolu ilə tanınan 90 yaşlı aktyor Uilyam Şetner bu ilin oktyabr ayında Ceff Bezosa məxsus “Blue Origin” gəmisində kosmosa yollanacaq.

Aktyor missiyada iştirak edərsə, kosmosa yollanan ən yaşlı insan olacaq. O, mart ayında 90 yaşını qeyd edib.

Uçuş 15 dəqiqə davam edəcək. Məlumata görə, missiya haqqında sənədli film çəkiləcək.

Qeyd edək ki, U.Şetner ən uğurlu fantastik teleseriallardan olan və müxtəlif texnologiyaların, o cümlədən mobil telefonun yaranmasına təkan vermiş “Ulduz yolu” serialının baş qəhrəmanı - “Enterprayz” ulduzlararası səyahət gəmisinin kapitanı Ceyms Tiberiya Kirk rolu ilə məşhurlaşıb.

Onun yazdığı bioqrafik kitablar bestsellerlərdən hesab olunur. Memuarlarında daha çox “Ulduz yolu” kinoepopeyasının çəkilişləri zamanı baş verən pərdəarxası maraqlı hadisələri bölüşür.

O, həmçinin musiqiçi, prodüser, rejissor və tanınmış reklamçıdır. 2004-2008-ci illərdə “Boston vəkilləri” adlı televiziya dramında Denni Kreynin vəkili rolunu oynayıb və həmin rol ona “Emmi” və “Qızıl Qlobus” mükafatları gətirib.

Mənbə: TMZ