Nigeriyalı kral Tbilisi merliyinə namizədliyini irəli sürüb - FOTO/VİDEO

05:00 26-09-2021 487

Nigeriyada İqbo tayfasının kralı Arinze Riçard Ogbunuju Tbilisi merliyinə namizədliyini irəli sürüb. Onun sözlərinə görə, qələbə qazanacağı təqdirdə Gürcüstan paytaxtının inkişafı üçün xaricdən sərmayə cəlb edəcək.

“Haber Global”ın məlumatına görə, Gürcüstan tarixində ilk dəfə olaraq Nigeriya əsilli biri digər siyasətçilərlə birlikdə Tbilisi meri kürsüsü uğrunda mübarizə aparacaq.

Onun namizədliyi müxalif “Bizim Birləşmiş Gürcüstan” Partiyası tərəfindən irəli sürülüb.

Ogbunuju Gürcüstanda biznesə ətir ticarəti ilə başlayıb, daha sonra isə köhnə maşın və ehtiyat hissələri satmağa başlayıb. Bu gün o, bir neçə müəssisəyə sahibdir, gürcü dilini mükəmməl bilir.

Nigeriyalı kralın sözlərinə görə, ilk olaraq 1995 -ci ildə xarici mədəniyyətləri araşdırmaq üçün vətənini tərk edib:

“1995-ci ildə əvvəlcə anam, sonra qardaşım öldü. Çox çətin dövr idi. Bu itkiyə tab gətirə bilmirdim. Bu səbəbdən başqa ölkələrə getməyə qərar verdim”.

O, Gürcüstana turist kimi gəlsə də, sonradan burada qalıb biznes qurmaq qərarına gəldiyini deyir.

“Gürcüstanı çox bəyəndim. Gürcü qadınla evlənmişəm, üç övladımız var. Bu ölkə məni qəbul etdi. Gürcüstana aşiq oldum”, - deyə o bildirib.

Ogbunujuya təxminən dörd il əvvəl Gürcüstan vətəndaşlığı verilib.

“İndi digər Gürcüstan sakinləri ilə eyni statusa sahibəm, bir gürcü kimi düşünürəm. Həyatımı yaxşılaşdırmaq mənim üçün çətin olmadı, çünki ölkələrimizdəki adətlər çox oxşardır”, - deyə o əlavə edib.

Eyni zamanda nigeriyalı gürcülərin öz xüsusiyyətlərini - ənənələrini və mədəniyyətlərini qorumalarını yüksək qiymətləndirdiyini bildirib.

Qeyd edək ki, Gürcüstanda yerli özünüidarə orqanlarına seçkilər oktyabrın 2-də keçiriləcək.