Hulusi Akar mina xəritələri və ərazilərin partlayıcılardan təmizlənməsindən DANIŞDI

16:20 28-10-2021 30

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalanmış yerlərin xəritələrinin verilməsi ilə əlaqədar təmaslarımız davam edir”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar İrəvanın mina xəritələrini paylaşmaması ilə bağlı jurnalistin sualını cavablandırarkən bildirib.

Bu yöndə son vəziyyətlə bağlı nazir qeyd edib ki, atəşkəsin elan edildiyi ilk gündən Türkiyə Silahlı Qüvvələri mina təmizləmə əməliyyatlarına başlayıblar.

“Minalar, əldəqayırma partlayıcılar təmizləndikcə sözügedən ərazilər təhlükəsizləşir, kənd təsərrüfatı və məskunlaşma üçün açıq olur. Eyni fəaliyyəti Liviyada da edirik. Silahlı Qüvvələrimizin şəxsi heyəti dost və qardaş ölkələrin silahlı qüvvələrinə bu məsələ ilə bağlı təlimlər keçir”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı diqqət çəkdiyi məsələlərdən biri də regionda sabitliyin və əmin-amanlığın bərqərar edilməsi olub.

“Özü də tək bir ölkə üçün deyil... Bu məqamda hər kəsin masa arxasına əyləşməsi, danışıb müzakirə etməsi, atəşkəsin daimi olması, sabitliyin təmin edilməsi, insanların əmin-amanlıq içində yaşaması vacibdir. Bunun üçün nə etmək lazımdırsa, biz Türkiyə Cümhuriyyəti olaraq hər bir məsələdə olduğu kimi, bu məsələdə də çox konstruktiv, danışıqlara, dialoqa açıq, ağlabatan və məntiqli həllər irəli sürürük”, - deyə nazir əlavə edib.

Mənbə: Hurriyet