İşadamı Emil Səməndərov: “Azad olunan ərazilərimizin mədənçilik baxımından da xüsusi imkanları var”

15:37 10-12-2021 953

“Müzəffər Ordumuzun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra qarşıda dayanan əsas vəzifə işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi, bərpa-yenidənqurma işlərinin aparılması və qayıdışın təmin edilməsi üçün lazımi infrastrukturun formalaşdırılmasıdır ki, artıq bu proses bir ildir öz uğurlu nəticələrini nümayiş etdirir. 30 ilə yaxın düşmən tapdağında qalan, yeraltı və yürüstü sərvətləri talan edilən, ekologiyası çirkləndirilən, torpaqları minalarla zəhərləndirilən ərazilərimizdə artıq bir ildir sürətli yenidənqurma işləri görülür”.

 

Bu fikirləri SİA.az-a tanınmış iş adamı, sahibkar Emil Səməndərov bildirib.

 

Onun sözlərinə görə, həyata keçirilən layihələrə nəzər salsaq, qısa zamanda kifayət qədər böyük yol qət edildiyinin şahidi olarıq. O cümlədən, pandemiyanın qlobal təsirlərinin davam etdiyi bir vaxtda müharibədən çıxmış bir ölkə üçün bu miqyasda tikinti-quruculuq işlərinin həyata keçirməsi Prezident İlham Əliyev cənablarının qətiyyəti və iradəsinin, dövlətin iqtisadi qüdrətinin, aparılan uğurlu siyasətin və Azərbaycan xalqının əzminin göstəricisidir.

Emil Səməndərov bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa, o cümlədən inşaat işləri bir tərəfdən həmin ərazilərimizdə yeni dəyərin formalaşmasına, eyni zamanda məşğulluğun təmin edilməsinə imkan yaradır: “Beynəxalq maliyyə qurumlarının hesabatları da göstərir ki, Azərbaycanda xüsusən 2020-2021-ci illərdə iqtisadi artıma təsir göstərən amil işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır. Eyni zamanda Biz ayrı-ayrı infrastruktur layihələrinə diqqət yetirsək, həmin layihələr həm müvəqqəti, həm də daimi iş yerlərinin yaradılmasına imkan yaradır. Nəzərə alsaq ki, bu ərazilərdə yenidənqurma işlərinin daha geniş miqyasda aparılması nəzərdə tutulur, bu, məşğulluğun artmasına daha çox təsir edəcək”.

“İşğaldan azad olunan ərazilərimizdə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində də mühüm işlər görülür”, deyən iş adamı bildirib ki, işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi, əkin işlərinə başlanılması inşaat-quruculuq işləri ilə yanaşı, həm də ölkədə kənd təsərrüfatı məhsullarının bolluğuna səbəb olacaq.

Emil Səməndərov onu da bildirib ki, azad olunan ərazilərimizin mədənçilik baxımından da xüsusi imkanları var: “Yataqlarımız uzun illər düşmən tərəfindən istismar olunub və sərvətlərimiz talan edilib. Artıq bu mədənləri də geri qaytarmışıq və bundan sonra ölkəmizin iqtisadi imkanlarının artırılması məqsədilə işlədiləcək. Eyni zamanda, təbii ehtiyatlar baxımından Zəngilan, Kəlbəcər və Laçın kimi rayonlarımız bir sıra müqayisəli üstünlüyə malikdirlər. Belə ki, bu bölgələrimizdə kifayət qədər böyük təbii ehtiyatlar mövcuddur. Bu da təbii ki, mədənçiliyin inkişafına imkan yaradır. Bütün bunlar isə yaxın gələcəkdə həmin ərazilərimiz üçün yeni olan istehsal sahəsinin formalaşmasına imkan verəcək”.

Sahibkar sonda bildirib ki, yerli şirkətlərlə yanaşı, xarici şirkətlər də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrə böyük maraq göstərir: “Artıq bəzi ölkələr işğaldan azad olunan ərazilərimizə investisiya qoyuluşunda iştirak edib. Buna son illər ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və əlverişli investisiya qoyuluşunun təmin edilməsi istiqamətində mühüm islahatlar da təsirini göstərir. Təsadüfi deyil ki, COVID-19 pandemiyasının dünya iqtisadiyyatında yaratdığı böhran şəraitində belə Azərbaycan iqtisadiyyatı öz inkişaf tempini qoruyub saxlayıb və bu böhrandan minimum itkilərlə çıxmağa nail oldu. Qarşıda isə Azərbaycan xalqını və dövlətini daha böyük siyasi-iqtisadi uğurlar gözləyir və bütün bunların təməli artıq qoyulub”.

Müəllif Rövşən RƏSULOV