Adı təzə, özü köhnə dünya – MÜZAKİRƏ

02:00 20-12-2021 536

İnternet məkanında balansı təmin etmək üçün klassik irsin təbliğini dövlət dəstəkləməli, rəsmi qurumlar bu işdə maraqlı, təşəbbüskar olmalıdır
 
Bu gün milyon illər yaşı olan dünyamıza “qloballaşan dünya” deyirlər. Bu adı təzə, özü köhnə olan dünyada, internet az qala televiziyanı da, teatrı da, rabitəni də, poçtu da, daha nələri, nələri də əvəz edir. Bəlkə də, əvəz etmir, sadəcə rahatlaşdırır, bəlkə də, daha əlçatan edir və s.

Bu barədə “Kaspi” qəzeti məqalə dərc edib.

 
Ensiklopediyadan vikipediyaya

Yadımdadır, əvvəllər bizə lazım olan məlumatları, onlara aid  şəkilləri ikicildli Uşaq və oncildli, 6265 səhifəlik Azərbaycan Sovet Ensiklopediyasından  axtarıb tapırdıq. Demək olar ki, bütün evlərdə indi internet olan kimi ensiklopediyalar vardı. Amma bu gün həmin ensiklopediyaları vikipediyalar əvəz edir.
 
Klassiklərdən  müasirlərə

Hazırda “google”, “yandex” və s. kimi möhtəşəm axtarış sistemləri var. Və hansı sahədə məlumat axtarmağından asılı olmayaraq, axtardığın bir saniyənin içində ekranında görünür. Bu qədər sadə. Amma bu sadəliyin içində xoşagələn və lazımlı proses çox olsa da, xoşagəlməyən nüanslar da var. Məsələn, internet resurslarında klassiklər haqqında məlumatlar, nədənsə müasirlərdən bir qədər geri qalır. Görəsən, bu yaxşıdır, ya pis? Və ümumiyyətlə, bu proses necə tənzimlənməlidir? Kimin diqqətində olmalıdır bu cür məsələlər?

 
Xırda detallar, qalmaqallar
 
Yazıçı-dramaturq İlqar Fəhmininfikrincə, internet resurslarında diqqət cəlb edən, daha tez yayılan materiallara ehtiyac olur. “Amma klassik ədəbiyyat, köhnə ədəbiyyat elə deyil.  Nizaminin, Füzulinin həyatından hansı qalmaqallı, maraqlı detalı indiki dövrdə qaldırmaq olar ki?.. Onlar daha çox akademikdir. Ona görə də, xüsusi saytlarda, xüsusi mənbələrdə belə məlumatlara yer ayrılır. Bugünkü yazıçılar, şairlər və ümumiyyətlə, tanınmış insanlar, sənət adamlarının həyatından, yaradıclığından qalmaqallı bir hadisəni, bir detalı götürüb yazırlar… İnsanlar oxuyur, paylaşır və beləliklə də, çox yayılır. Sürətlə yayılan resurslarda ədəbiyyatın, sənətin özündən daha çox hansısa xırda nüanslara, xırda detallara, hadisələrə, qalmaqallara toxunan məsələlər diqqət tələb edir. Ona görə də, müasirlərin həyatından, yaradıcılığından hansısa qıcıqlandırıcı məqamları ön plana çəkib onu təqdim etmək daha optimal, daha yaxşı, daha məqsədəuyğun olur. Və belə bir məqamları tapıb yazırlar ki, oxunsun, İP qazanılsın.
 
Maraqlı detal, yoxsa sənət?

İ.Fəhmi bir başqa tendensiyanın şahidi olduğunu da dilə gətirdi: “Klassiklərlə bağlı hər hansı  materiallar yayımlanır. Amma həmin materialda klassiklərin yaradıcılığını, fəaliyyətini, həyatını yox, daha çox həyatındakı hansısa qıcıq yarada biləcək xırda bir detalı götürüb işıqlandırır, ətrafında qalmaqal yaradırlar. Bu, əlbəttə ki, heç də yaxşı deyil. Çünki bəzən olur ki, böyük bir sənətkarın çox dəyərli külliyyatı, əsərləri qalır bir qıraqda, onunla heç maraqlanan olmur. Amma həyatında hansısa bir xırda detal, kiminləsə nə vaxtsa mübahisəsi və ya elə ailədaxili konflikti, problemi şişirdilir, ön plana çəkilir. Və ancaq bu haqda danışırlar.  Həmin şəxsiyyətin sənəti, əsərləri, yaratdıqları isə qalır bir kənarda. Bu baxımdan, mən sürətli yayılan resurslarda klassik və ciddi  sənət, həmçinin sənətkarlarla bağlı müxtəlif  yazıların  getməyini istəmirəm. O müstəviyə salınıb yüngülləşdirilməkdənsə, qoy elə akademik səviyyədə qalsın. Qoy elə az olsun onları tanıyan, az olsun onları oxuyan. Amma qoy onları yaxşı yerdən, yaxşı tərəfdən tanısınlar. Əsərlərindən tanısınlar”.

 
Klassiklər bəşəri sərvətdir

Şair Cəlil Cavanşir deyir ki, klassiklər bəşəri sərvətdir: “Eyni zamanda, onları mənsub olduqları xalqın, ölkənin milli sərvəti də hesab etmək olar. Yəni Nizami həm bütün dünya üçün, həm də Azərbaycan üçün önəmlidir. Bunu digər dahilər və klassiklər haqqında da demək olar. Milli və bəşəri sərvət olan klassiklərə ilk növbədə dövlət, daha sonra YUNESKO kimi beynəlxalq qurumlar sahib çıxmalı, onların təbliğatına lazımi diqqət ayırmalıdır. Müasirlərimizin internetdə və s. multimedia resurslarında çox görünməsi, məncə, onların təbliğat prosesinə birbaşa qoşulması ilə bağlıdır. 
 
Klassiklərin məhdud imkanı

Müasirlərimiz birbaşa və dolayı yollarla gündəmdə qalmaq üçün çabalayır, əziyyət çəkir. Yeri gələndə bu məqsədlə pul xərcləyir. Ancaq klassiklərimizin bu imkanı məhduddur. Klassikləri və ya dünyasını 20-30 il öncə dəyişmiş sənətkarları dövlət gündəmdə saxlaya bilər. Fikrimi yenidən Nizami Gəncəvi nümunəsi ilə izah edim. Nizami Gəncəvini öncə dövlət təbliğ etməli, daha sonra onun yaradıcılığına dəyər verən qələm adamları, Azərbaycan insanı bu təbliğata töhfə verməlidir. Nizami müasirimiz olsaydı, bu təbliğata qoşulardımı, bilmirəm. Ancaq dəqiq bilirəm ki, internet məkanında balansı təmin etmək üçün klassik irsin təbliğini dövlət dəstəkləməlidir. Rəsmi qurumlar bu işdə maraqlı, təşəbbüskar olmalıdır”.