Mədəniyyət Nazirliyi Novruz Qartalın ölümü ilə bağlı nekroloq yayıb

00:00 09-01-2022 441

Mədəniyyət Nazirliyi Əməkdar artist Novruz Qartalın ölümü ilə bağlı nekroloq yayıb.

Nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə itki üz verib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Yaqub oğlu Əliyev (Novruz Qartal) vəfat edib.
Sevilən aktyor 1947-ci il martın 21-də anadan olub.1966-cı ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun "Musiqili komediya aktyoruğu” fakultəsini bitirib. Daha sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fəaliyyətə başlayıb.

"Toy kimindir” səhnə əsərində Qoşun, "Durna”da Dursun, "Hicran”da Balaəmi, "Lənət şeytana”da İsrafil, "Özümüz bilərik”də İbişov, "Milyonçunun dilənçi oğlu”nda Xidmətçi, "Sevindik qız axtarır”da Tələbə, "Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç və digər rolları ilə tamaşaçıların dərin rəğbətini qazanıb. N. Əliyev bir müddət Xalq artisti Hacıbaba Bağırovun rəhbərlik etdiyi "Tənqid-Təbliğ” Teatrında çalışıb. 1996-cı ildə yaradıcılıq fəaliyyətini Musiqili Komediya Teatrda (Akademik Musiqili Teatrın keçmiş adı) yenidən davam etdirən Novruz Əliyev maraqlı obrazlar silsiləsi yaratmağa nail olub.

Novruz Əliyev Akademik Musiqili Teatrın yeni quruluşda hazırlanan "Beş manatlıq gəlin", "Hicran" tamaşalarında da rol alsa da, amansız xəstəlik səhnə əsərlərinin premyeralarında oynamağı ona nəsib etmədi.

Sevilən aktyorun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!"