Suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında aparılan müzakirə

13:56 04-11-2022 175

    Məlum olduğu kimi, Qarabağ münaqişəsi 44 günlük uğurlu hərbi əməliyyatların və 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanması nəticəsində öz həllini tapıb. 31 oktyabr 2022-ci il tarixdə Soçiyə səfəri zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşdə Prezident İlham Əliyev ilk olaraq bu məsələyə diqqət çəkdi. Qarabağ münaqişəsinin tarixdə qaldığını, bundan sonra isə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün addımlar atmağın vaxtı olduğunu vurğuladı. Azərbaycan və Rusiya Prezidentləri arasında keçirilən görüşlər bu baxımdan mühüm əhəmiyyətə malikdir. Dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır. Ölkəmiz Ermənistanla münasibətlərin normallaşmasının əsası olacaq 5 əsas prinsip irəli sürüb. Azərbaycanın irəli sürdüyü prinsiplər beynəlxalq hüquqa tamamilə uyğundur və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Qarabağ münaqişəsi iki il öncə həll olunduğu üçün burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, çox ciddi addımlar tələb edən formatdır. Soçidə keçirilən həm ikitərəfli, həm də üçtərəfli görüşdə Prezident İlham Əliyev öz qətiyyətli mövqeyi ilə Azərbaycanın milli maraqlarını növbəti dəfə qorudu. Bunu üçtərəfli görüşün sonunda qəbul edilmiş Bəyanatın mətni də təsdiq edir. Bəyanatdan aydın olur ki, Azərbaycanın maraqlarına zidd heç bir məsələ yoxdur. Ümumiyyətlə, Bəyanatda Qarabağla bağlı heç bir müddəa keçmir, çünki, Qarabağ artıq, Azərbaycanın daxili işidir. Bəyanata əsasən, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması nəzərdə tutulub ki, bunun üçün də beynəlxalq hüquq və normalara sadiqlik əsas götürülür. Azərbaycan hər zaman beynəlxalq hüquq və normalara sadiqlik nümayiş etdirir, çünki ölkəmiz Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik, eləcə də, əməkdaşlıq mühitinin formalaşmasında maraqlıdır. Soçi Bəyanatında da Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olunur. Bu da, təbii ki, Azərbaycan Prezidentinin qətiyyətli siyasətinin nəticəsidir. Ermənistanın bir sıra iddialar səsləndirməsi isə, bu bəyanatın nəticəsi olaraq puç oldu. Bəyanatda diqqət çəkən məqamlardan biri də humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşmanın əldə olunmasıdır.

    Məhz, Soçi Bəyanatında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işlərinin fəal aparılmalı olduğunun öz əksini tapması dövlətimizin başçısının mövqeyinin üçtərəfli görüşdə həlledici rol oynadığını sübut edir. Bunun üçün də mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam etdiriləcək və Rusiya Federasiyası prosesə hər vasitə ilə kömək göstərəcəkdir.

   Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.