Vətən müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır

21:45 20-11-2022 295

    Sirr deyil ki, Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. Üç onillik ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayandı. Prezident İlham Əliyev yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə, yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasət həyata keçirirdi. Bu siyasət, ilk növbədə, müharibə vəziyyətində olan respublikamızın iqtisadi gücünün və maliyyə imkanlarının artırılmasına hesablanmışdı. Bəhs olunan dövrdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında reallaşdırılan islahatlar sayəsində, Azərbaycan bütün dünya üzrə ən dinamik templərlə inkişaf edən ölkələr sırasına yüksəldi. Özünün iqtisadi müstəqilliyinə nail olan Azərbaycan, həmçinin, istənilən xarici təhdidi dəf etməyə və düşmənin başını əzməyə qadir olan güclü ordu qurmağa nail oldu. Qürurverici haldır ki, nüfuzlu reytinq agentliklərinin dəyərləndirmələrinə görə, Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Azərbaycan düşməni məhz, özünün güclü Ordusu ilə cəzalandırdı və torpaqlarını işğaldan azad etdi. Əlbəttə, Vətən müharibəsində Şanlı Qələbəmiz asanlıqla əldə olunmayıb. Torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Bundan başqa, ərazinin dağlıq relyefi də çətinliklər yaradan amillərdən idi. Ermənistanın hərbi birləşmələri işğal etdikləri ərazilərimizdə yerləşən yüksəkliklərdə mövqe qurmuşdular. Bu yüksəkliklərdən isə, ətrafdakı bütün ərazilər aydın görünürdü, lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Müharibə dövründə düşmənin hərbi birləşmələrinin təxminən, 10 min əsgər və zabiti fərarilik edərək döyüş meydanından qaçıb. Azərbaycan Ordusunda isə, təbii ki, belə hal aşkarlanmayıb. Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə, döyüş meydanında işğaldan azad etdi. 2020-ci ilin noyabr ayının 8-də Şuşanın, ertəsi gün isə, daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra, düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Vətən müharibəsində qazanılan Şanlı Qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev “Biz, müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”, - deyə vurğulayıb. Xatırladaq ki, Azərbaycanın, Rusiyanın Prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanat, təbii ki, Qalib Azərbaycanın şərtləri əsasında formalaşdırılıb. İşğalçı Ermənistan həmin Bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. Beləliklə, Qüdrətli Azərbaycan tarixi ədaləti və özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməyə nail oldu.

    Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın həyata keçirdiyi işğalçılıq siyasəti Cənubi Qafqaz ölkələrinin həm öz aralarında, həm də, dünyaya inteqrasiyasında maneələrdən biri olub. Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdə regionda sülhün bərqərar olması, region dövlətləri ilə sıx əməkdaşlıq mühitinin formalaşması istiqamətində fəaliyyətini daim davam etdirib. Keçmiş Dağlıq Qarabağ münaqişəsi, Ermənistanla olan müharibə vəziyyətinin yaratdığı əngəlləri Azərbaycan mümkün qədər aşmağa çalışıb və buna xeyli dərəcədə nail ola bilib. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti ilə nəticələndikdən sonra, Qarabağ münaqişəsi artıq, tarixə qovuşmuş oldu, lakin hələ ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmayıb. Sülh sazişinin imzalanması Cənubi Qafqaz üçün yeni dövrün başlanması olacaq. Vətən müharibəsinin nəticələri regionda yeni reallıq yaradıb. Azərbaycanın müharibədə möhtəşəm Qələbəsi dünyada ölkəmiz barədə qüdrətli ölkə imicini daha da möhkəmlədib. Azərbaycanla strateji əməkdaşlıq, tərəfdaşlıq, dostluq etmək istəyən dövlətlərin sayı daha da artıb. Müharibədə Qələbə Azərbaycanın beynəlxalq nüfuzunu artırdığı üçün dünyaya inteqrasiya üçün yeni imkanlar açıb. Baxmayaraq ki, bu gün, dünyada gərgin vəziyyət hökm sürür, Azərbaycan bu vəziyyətdə də tutduğu düzgün istiqaməti davam etdirir. Son vaxtlar qlobal, regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən, dövlətlərin suverenliyi, daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin, beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük, humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada, eləcə də, bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli, milli maraqlara söykənən xarici siyasət kursu, onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını, dünyada etibarlı tərəfdaş imicini təmin edib. Bu gün, Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş, milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda, Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün, təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilib. Nəticədə, Azərbaycan, yalnız regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. Ona görə də, bu gün, dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar. Son illər ərzində beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən sənədlərin qəbul edilməsi məhz, dövlət başçısı, cənab İlham Əliyevin yürütdüyü, ölkəmizin milli maraqlarına söykənən xarici siyasətin uğurlu nəticəsidir...

Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.