“Dünya Azərbaycanlılarının Həmrəylik Günü”

19:07 30-12-2022 117

       Sirr deyil ki, artıq, “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib. Həmin günü, dünyanın onlarla ölkəsində yaşayan azərbaycanlılar bayram kimi qeyd edir. “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nü, hətta, milliyyətcə azərbaycanlı olmayan, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli insanlar də qeyd edirlər.

     Bildiyimiz kimi, “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün əsasını xalqımızın Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyev qoyub. Belə ki, o,  dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, 31 dekabr tarixini “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” elan edib. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr tarixi, “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi qeyd edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.

       27 sentyabr 2020-ci il tarixdə Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq, Azərbaycan xalqı, Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə Prezidenti, cənab İlham Əliyevin çağırışı ilə hamılıqla Vətən müharibəsinə səfərbər olub. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu olan 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Milli dövlətçilik tariximizdə, eləcə də, xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq bu şanlı Zəfər, şübhəsiz ki, xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilib. Həmçinin, Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olub...

  Sabit Mehdiyev,

  Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.