Çin iqtisadiyyatı təkcə öz ölkəsi ilə məhdudlaşmır

13:56 24-01-2023 288

      Sirr deyil ki, Çin qlobal iqtisadi oyunçuya çevrilməklə bütün dünyanın diqqətini özünə cəlb edə bilmişdir. Bu, əsasən, davamlı iqtisadi inkişaf nəticəsində mümkün olmuşdur. Çinin sürətli iqtisadi inkişafı 1979-cu ildən başlamışdır. Bu, başlıca olaraq ölkə iqtisadiyyatının xarici ticarətə və investisiyalara yaşıl işıq yandırmasından sonra reallaşmışdır. Buna qədər isə, Çin özünü dünya iqtisadiyyatından təcrid edən və durğunluğa gətirib çıxaran iqtisadi siyasət aparırdı, həmçinin, iqtisadiyyat həddən artıq mərkəzləşmişdi. Lakin 1979-cu ildən başlayaraq, xarici ticarət və investisiyalar sahəsində həyata keçirilən islahatlar nəticəsində Çin iqtisadiyyatı sürətli artım tepmlərilə inkişaf etməyə başladı. Çinin iqtisadi, elmi-texniki və mədəni cəhətdən inkişafı istiqamətində müasirləşdirilməsi, ölkənin dünyanın ən dinamik inkişaf edən dövlətlərindən biridir. Çin iqtisadiyyatı nəinki qloballaşma prosesinin ən mühüm iştirakçılarından birinə çevrilib, həm də, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin çoxsaylı bazarlarını qazana bilib. Bu ölkə dünyanın aparıcı ticarət fövqəldövlətinə, dünya iqtisadiyyatında və dünya valyuta-maliyyə bazarı üçün böhranlı hadisələr dövründə sabitləşdirici amilə çevrilib. Çin onilliklər ərzində müəyyən edilmiş hədəflərə müntəzəm surətdə nail olub, onun iqtisadi göstəriciləri qlobal iqtisadiyyata və bir çox ölkələrə ciddi dərəcədə təsir edir.

    Bu gün, iqtisadi müstəqilliyini tam təmin edən Azərbaycan uğurlu siyasət sayəsində beynəlxalq birliyə sıx inteqrasiya edir. Ölkə Prezidenti, cənab İlham Əliyevin diplomatik fəallığı multiregional və strateji xarakterlidir, özündə böyük coğrafiyada Azərbaycanın maraqlarına uyğun tərəfdaşlıq əlaqələrinin formalaşmasını ehtiva edir, bütün istiqamətlərdə, o cümlədən də, iqtisadi sahədə yeni hədəflər müəyyənləşdirir. Ölkə Prezidenti, cənab İlham Əliyev Çinin iqtisadi inkişafa və islahatlara sadiqliyini, dünyaya daha da açıq olmasına dair sarsılmaz əzmini qiymətləndirib: "Çin iqtisadiyyatı təkcə ölkənizlə məhdudlaşmır. Onun qlobal iqtisadiyyata təsiri var və bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır. Bu, bir məsuliyyətdir və hökumətiniz bu qlobal məsuliyyəti dərk edir".

    Bu kontekstdə Azərbaycanla Çin arasında möhkəm siyasi platformaya əsaslanmaqla iqtisadi əlaqələrin genişlənməsi xüsusi diqqət çəkir. Bu ölkə dünyanın ən böyük iqtisadiyyatlarından birinə malikdir. İqtisadiyyatların həcmində böyük fərq olsa da, Azərbaycanla Çinin inkişaf fəlsəfəsində oxşarlıq var. Azərbaycan da qlobal risklərə yüksək davamlılıq nümayiş etdirən, inkişafını daxili resurslarına istinad etməklə quran ölkədir...

 Müşfiq Səfərov,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.