Dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri də istedadlı gənclərə dövlət qayğısıdır

21:10 01-02-2023 302

     Sirr deyil ki, gənclik, yalnız ölkənin gələcəyi deyil, eyni zamanda, bu günüdür. Bu səbəbdən də, dövlət gənclərin inkişafını və onların sərbəst fəaliyyəti üçün münbit şəraitin yaradılmasında maraqlı tərəfdir. Bu gün, Azərbaycan gəncləri ölkənin qürurlu vətəndaşlarıdır. Müasir Azərbaycan gəncini əvvəlki illərlə müqayisə edəndə onun müsbətə doğru çox dəyişdiyinin, inkişaf etdiyinin şahidi olarıq. Şübhəsiz ki, bunun kökü dəqiq müəyyən edilmiş inkişaf strategiyasına söykənir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin daim vurğuladığı və xüsusi diqqət ayırdığı insan kapitalının inkişaf mərkəzində də, məhz ölkənin gənc vətəndaşları dayanır. Bu etimad və dəstəyi görən gənclik, şübhəsiz ki, özünü daha inamlı hiss edir, üzərinə düşən missiyanı daha məsuliyyətlə anlayır, ölkənin gələcək inkişafının təminatçısı olduğunu unutmur. Məsələn, xaricdə təhsil alan tələbələrimizi misal göstərmək olar. Bu gün, həmin gənclər məskunlaşdıqları ölkələrdə, oxuduqları ali təhsil ocaqlarında Azərbaycanın uğurlarının təbliğatçısına çevrilir, Azərbaycan həqiqətlərinin çatdırılmasında aparıcı rollardan birini oynayırlar. Bir sözlə, Azərbaycan gənci savadlı, iradəli, əzmkar vətəndaşdır. Uğurlu gələcək dedikdə, təbii ki, indiki kreativ gənclik nəzərdə tutulur. Onun formalaşması isə, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan gənclər siyasətinin icrasının uğurlu nəticəsidir. Məhz dahi şəxsiyyətin təşəbbüsü ilə gənclərlə bağlı fəaliyyət göstərən nazirlik yaradılmış, ölkənin gənclər siyasəti qəbul edilmiş və beləliklə də, gənclər cəmiyyətin avanqard qüvvəsinə çevrilməyə başlamışdır. Artıq, gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir.

    Bu gün, Azərbaycan gəncliyi bir çox sahələrdə öz sözünü deməkdədir. Gənc idmançılarımız mötəbər yarışlarda dövlət bayrağımızı ucaldır, tələbələrimiz dünyanın ən qabaqcıl universitetlərində təhsil alır, yeni menecerlər nəsli müxtəlif sahələrdə  çalışır, böyük uğurlar əldə edirlər.  Dövlət gənclərin potensialının aşkarlanması, onların fəal vətəndaş, peşəkar kadr kimi yetişməsində maraqlıdır və bu istiqamətdə sistemli işlər aparılır. Hədəf neft kapitalının insan kapitalına çevrilməsi, bu təbii sərvətdən əldə olunan gəlirin ölkənin davamlı inkişafını təmin edəcək layihələrə və işlərə yönəldilməsidir...

   Sabit Mehdiyev,

   Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.