Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır

11:39 06-03-2023 274

     Bildiyimiz kimi, Vətən müharibəsində Ermənistan üzərində Şanlı Qələbə qazanan Azərbaycan Ordusu işğal altındakı əraziləri qısa müddətdə azad edərək əsl peşəkarlıq göstərib. Ermənistan işğal dövründə həmin əraziləri minalayıb. Mənfur düşmənimiz Birinci Qarabağ müharibəsi zamanında da ərazilərimizi minalamışdı. Həmin vaxt minalar pərakəndə şəkildə yerləşdirilib. Ermənilər tərəfindən yerləşdirilən mina sahələri dinc əhali üçün hələ də, böyük təhlükə mənbəyidır. Artıq, Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb və Ermənistanla dövlət sərhədi bərpa edilir. 1999-cu ildə “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiya qüvvəyə minib. BMT-nin qəbul etdiyi bu konvensiyaya görə münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra, minalardan təmizləyəcəkləri sahələrin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürürlər. Qəbul edilmiş bu konvensiya dinc əhalinin təhlükəsizliyi məqsədi daşıyır.

      Bu gün, işğaldan azad edilmiş ərazilərə gedən mülki şəxslər həyati təhlükə qarşısındadırlar. Bu barədə dövlət qurumları tərəfindən məlumatlar da verilir. Təhlükəsizlik səbəbindən müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qadağan olunub. Azərbaycan dövləti vətəndaşlarımızın minaya düşməmələri üçün bütün lazımi tədbirləri görür və buna görə nəzarət postları qoyulub. Vətəndaşların bu ərazilərə səfər etməsinin təhlükəli olduğu ilə bağlı maarifləndirmə işi aparılır, ancaq insanlar doğma yurdlarını, evlərini görmək istəyirlər və buna görə də, işğaldan azad olunmuş bölgələrə bəzən alternativ yollarla səfər edirlər. Bu zaman baş verən mina partlayışı hadisələri nəticəsində dinc sakinlər xəsarət alır və ya həlak olur. Təəssüf ki, dünya birliyi buna susur və bilərəkdən göz yumur. Məlumdur ki, bütün münaqişələrdən sonra, sülh müqaviləsi bağlanılır. Müharibənin yekunlaşmasına baxmayaraq, Ermənistan indiyədək Azərbaycanla sülh müqaviləsi imzalamayıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ermənilər isə, hələ də, düşmənçilik mövqeyindədirlər. Onların etdikləri vəhşiliklər hamıya məlumdur. Buna görə 30 il ərzində törətdikləri vandalizm aktlarından, cinayətlərdən sonra, Ermənistanın minalanmış ərazilərin sxemlərini verməsini gözləmək əbəsdir. Odur ki, beynəlxalq təşkilatlar Ermənistana qarşı təzyiq mexanizmlərindən istifadə edərək, beynəlxalq konvensiyalara uyğun olaraq onu bu istiqamətdə müəyyən addımlar atmağa məcbur etməlidir. Ermənilər azad olunmuş ərazilərdə məqsədyönlü şəkildə minalar yerləşdirməklə dinc sakinlərin xəsarət alacaqlarını bilirdilər. Hazırda hərbi obyektlərdən uzaqda belə minalanmış sahələrə rast gəlmək olar. Ermənistan qoşunları müharibə zamanı geri çəkiləndə müəyyən yerləri minalayıb. Nəticədə minalanmış ərazi daha da genişlənib və bu vəziyyət minatəmizləmə prosesini daha da çətinləşdirib. Ermənistan tərəfinin xəritələri Azərbaycana təqdim etməməsi, ərazinin dağlıq, bəzi yerlərin isə sərt iqlim şəraitinə malik olması mina və partlamamış hərbi sursatın basdırıldığı ərazilərdə axtarış prosesini çətinləşdirir. Bütün bunlar Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına və konvensiyalara zidd fəaliyyətini göstərir.

    Azərbaycan dövləti hazırda minalanmış ərazilərin təmizlənməsi sahəsində bütün imkanlardan istifadə edir. Bununla əlaqədar lazımi təhlükəsizlik tədbirləri də görülür. Ölkə Prezidenti, cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi işi fasiləsiz olaraq davam etdirilir...

 Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.