Ulu Öndər Heydər Əliyevin milli həmrəyliyin təmin olunması istiqamətində tarixi təşəbbüsü

08:17 13-05-2023 277

     Məlumdur ki, hər bir xalqın tarixi keçmişi, onun milli-mənəvi dəyərlərində əks olunur. Milli-mənəvi dəyərlər isə, xalqın dili, ənənəsi, tarixi və s. kimi faktorlardır. Xalqın milliliyinin qorunması onun gələcəyə doğru inkişafını da təmin edir. Millətin qədim təsəvvürlərinin əks olunduğu adət-ənənələrinin müasir dövrlərdə də icrası heç də həmişə mümkün olmur. Bu mümkünsüzlük ya xalqın özünün biganəliyi, ya da, o xalqın həmin dövrdə rəhbərliyində olan insanların sözügedən məsələlərə kortəbii  yanaşmasından irəli gəlir. Belə olan zamanda da xalq öz milliyini, dəyərlərini mühafizə edə bilmir. Əgər rəhbər mövqedə duran insan milliyətçiliyin qorunmasını, siyasətin millilik konsepsiyasını özünə şüar etsə, onda xalq da öz uğurlu gələcəyinin təminatını mövcud dövrdə tənzimləyə bilər. Azərbaycan xalqı əsrlər boyu öz torpağı, Vətəni, milli kimliyi uğrunda mübarizə aparıb. Tarixdə elə şəxsiyyətlər olub ki, Vətəninin və xalqının mənafeyi naminə bütün ömrünü həsr edib. Türk millətinin dahisi Atatürkün fəaliyyəti və türkçülük dövlətinin istiqbalı uğrundakı tarixi əhəmiyyətli mücadiləsi kökü qədim dövrlərə gedən türk xalqının gələcəyini də qarant altına aldı. Bu fəaliyyət türk millətinə böyük bir özünəinam bəxş etdi. Türk milləti də bu dahi şəxsiyyətin dövlətin tərəqqi  və yüksəlişindəki müstəsna rolu, fəaliyyətinin sayəsində xoşbəxt gələcəyə doğru addımladı. Azərbaycan xalqı zaman-zaman  dərin mücadilələrlə üzləşib. İstər sərhədlərinin müdafiəsində, istər daxili sabitliyinin qorunmasında, istərsə də, yadellilərin hücumundan, yad münasibətlərdən qorunmaq üçün Azərbaycan dövləti və Azərbaycan xalqı, demək mümkündür ki, hər tarixi dövrdə böyük mübarizələrdən üzüağ çıxıb. Təbiidir ki, uğursuzluqlar da istisna deyildir və uğursuzluğun olduğu kimi uğurlu nəticələrin də səbəbkarları olmuşdur. Uzun zamanlar ərzində başı olmazın bəlalarını çəkmiş xalqımız ağlasığmaz mübarizələrdən çox vaxt üzüağ çıxmışdır. Bu mübarizələrdə xalqın önündə gedənlərin – rəhbər mövqedə dayananların böyük rolu olub. Belə insanlar mənsub olduğu xalqın kökünə, soyuna dərindən bələd olanlardır. Onlar tarixi köklərə bələd olduqlarından məhz tarixin təhrif olunması, millətinin bəsit tarixlə üz-üzə qalmasını qəbul edə bilməyib canlarını fəda edəcək qədər mübarizəyə atılıblar. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Məhz belə şəxsiyyətlərdən biri də dahi siyasətçi, Ümummilli Lider, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevdir. Azərbaycan tarixində öz vətənpərvər mübarizəsi ilə xalqın taleyinin xoşbəxt gələcəyini təmin edən Ulu Öndər titulunu xalqdan qazanmış Heydər Əliyev milliliyə elə yüksək mövqedə dəyər verirdi ki, bunun ölçüyəgəlməzliyini ifadə etmək üçün bəzən sözlər yetmir. Milli-mənəvi dəyərlərimizə çox böyük hörmətlə yanaşan, milli düşüncələrin azca da olsa qabardığı maddi-mənəvi dəyərləri qoruyan və mühafizə  edən Liderin düşüncəsi, yalnız azərbaycançılıq ideyalarını ön planda saxlamaq idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan Dahi Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən, Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz, məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Heydər Əliyev keçdiyi böyük, mənalı, şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli Lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq, təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır. Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu, xilaskar dövlət xadimi, Milli Lider və xalq məhəbbətini qazanan Öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsil mənasında, “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd, təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu, möhkəmlətdi. Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu. 

    Qədim, zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini, milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam, ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır və fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da, məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına, eləcə də, ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Bu gün, məhz onun adı ilə bağlıdır. 

     Dünya azərbaycanlılarının həmrəyliyi 27 sentyabr 2020-ci il tarixində başlayan, 44 gün davam edən Vətən müharibəsi zamanı öz sözünü ən yüksək səviyyədə dedi və tarixi Qələbəmizi daha inamlı etdi. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan azərbaycanlıların düşmənin və anti-Azərbaycan qüvvələrin müxtəlif formada təzahür edən məkirli təxribatlarına qarşı cəsarətli etirazları, çıxışları, Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. Azərbaycanın həmrəyliyi, milli birliyi, zəngin tarixi, mədəniyyəti və adət-ənənələri dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq hər zaman soydaşlarımız tərəfindən qorunub saxlanılır. Bu gün, qətiyyətlə demək olar ki, Azərbaycanda ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafın yeni mərhələsinin möhkəm təməli qoyulmuş və ölkəmiz müstəqil inkişaf yolu ilə inamla irəliləyir. Azərbaycan müstəqil dövlət kimi bütün dünyada tanınır və dünya birliyində öz layiqli yerini tutur. Müstəqilliyimiz sarsılmaz, dönməz xarakter almışdır. Müstəqil inkişaf yolunda atılmış hər bir uğurlu addım, əldə edilmiş hər bir qələbə xalqımızı azad, müstəqil Azərbaycanın xəşbəxt gələcəyinə dərin nikbinlik və böyük inamla baxmağa rühlandırır, yeni güc, qüvvət verir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirir...

  Sabit Mehdiyev,

  Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.