Rəssam Fikrət Məmmədov: Əsərlərimi oğurlayıb əvəzində araq almışdılar - MÜSAHİBƏ

09:09 26-08-2019 894

8-9-cu sinifdən rəsm çəkməyə başlamışam. Atam rəsm çəkməyimə qarşı idi. Həmişə deyirdi ki, özünə normal sənət seç. Bunun doğru olduğunu düşünmürdüm. Amma illər keçdikcə başa düşdüm ki, doğrudan da incəsənətə dəyər verən yoxdur. Əziyyətimiz yerdə qalır.

Rəsm çəkəndə rənglərin harmoniyasına diqqət edirəm. Gündəlik mənə verilən pullara qaçıb fırça, boya alırdım. Belə çətinliklərlə qorumuşam bu sənəti. Nəticədə isə emalatxanamdan rəsmlərimi oğurlayıb araq qarşılığında mağazaya satmışdılar.

HerGun.Az Səttar Bəhlulzadənin, Toğrul Nərimanbəyovun tələbəsi, tanınmış rəssam Fikrət Məmmədovla müsahibəni təqdim edir:

- Sizə incəsənətin Səttarı, Toğrulu demək olarmı?

- Toğrul məni öz tələbəsi kimi yaxşı yetişdirib. Amma mən Toğrulun, Səttarın mənə öyrətdiklərini yetəri qədər mənimsəyə bilmədim. Həyat, ömür vəfa etmədi. Onlardan öyrənəcəyim çox şey qaldı. Elə tələbələri olmağım mənim üçün fəxrdir.

- Həyat vəfa etmədi... Həyatın rəngləri bir anda axır gedir. Rəsm də belə yaranır?

- Əslində, həyat ağ rəngdir. Biz insanlar onun üzərindəki fərqli-fərqli rəngləri xatırladırıq. Həyatı rəsm əsəri kimi düşünmək olar, amma düşünmürəm ki, həyatın ağırlığını hansısa bir rəsmlə ifadə etmək olsun.

- İlk rəsminiz nə olub?

- Təbiəti çəkmişəm. Necə olduğunu indi tam xatırlamıram. Amma yadıma gəlir ki, Toğrul mənə həmin rəsmə görə o vaxt 100 manat pul vermişdi.

- Sifarişlə rəsm çəkirsiniz?

- Əvvəllər daha çox çəkirdim. Sifariş də götürürdüm, tələbə də hazırlaşdırırdım. İndi bir qədər yorulmuşam.

- Sizi yoran nədir?

- Bir rəssam üçün ən ağrılı məqam odur ki, onun işlərinə dəyər verilmir. İllərdir ki, mənim sərgimi keçirəcəklərini deyirlər, amma heç bir nəticə yoxdur. Dəfələrlə müraciət etmişəm. Gəlib baxıblar, bəyəniblər, hədiyyə belə götürüblər, "sizinlə əlaqə saxlanılacaq" deyib gediblər.

- Niyə incəsənətə maraq azalıb? Niyə gələcəyin Səttarları, Toğrulları yetişmir?

- Harada yetişsinlər? İndi verilən təhsilin səviyyəsi bizim vaxtımızdakı tədrisin keyfiyyəti ilə eyni deyil. Müəllimlər dərs keçmirlər. Praktiki, doğru ardıcıllıq yoxdur. Tələbələrdə də həvəs yoxdur. İnsan ürəkdən rəsm çəkmək istəməsə, onu buna heç kim, heç nə vadar edə bilməz.

Həm də texnologiya inkişaf edib. Hər kəs kompüterdə müxtəlif proqramlardan istifadə edir. Əlinə fırça almasan, boyanın qoxusunu duymasan, kətan üzərində günlərlə rəsmi incəliklərinə qədər işləməsən, rəssam ola bilməzsən. Baxıram ki, bundan sonra çətin ki ikinci bir Səttar, ikinci bir Toğrul yetişsin. Rəssamlıq yavaş-yavaş ölür.

- Rəssam olaraq bu günə qədər nəyi çəkməkdən imtina etmisiniz?

- Əslində, rəssam öz gözü ilə gördüklərini boyalarla ifadə etmək istədikdə rəsm çəkməyə başlamalıdır. Natürmort, portret, nude janrlarında çəkirəm. Bütün janrlarda rəsmlər çəkmişəm. Sadəcə olaraq, daha çox portretlər, təbiət mənzərələri çəkirəm.

- Heç olub ki, eyni rəsmi təkrar işləyəsiniz?

- Olub. Portret janrında işlədiyim bir əsər ürəyimcə olmayıb və onu yenidən işləmişəm. Ürəyimcə olmayan məqam isə orada sadəcə bir rəngin mən istəyən kimi qarışmaması idi. Amma sizə deyim ki, heç bir əsərin təkrarı olmur.

- Dünya rəssamlarının əsərlərini izləyirsinizmi?

- Əlbəttə, əsasən, intibah dövrü rəssamlarının işlərini izləyirəm. Leonardo da Vinçi, Mikelancelo, Rafael, Rembrand əsərlərinə can verən, böyük rəssamlardır.

- Da Vinçi "Mona Liza"nın dodaqlarını çəkmək üçün ömrünün 12 ilini sərf edib. Sizin "Mona Liza"nız hansı əsərinizdir?

- Əslində, bütün əsərlərin öz çətinliyi var. Bir ay ərzində çəkdiyim əsərlər də var, bir ilə tamamladıqlarım da. Əvvəllər vaxtım çox olduğundan bir əsərin üzərində köklənirdim, hətta əsəri bitirməmiş emalatxanadan çıxmırdım. Amma sonralar istər-istəməz digər işlər, problemlər səbəbindən zaman tapdıqca əsərlərə başlayırdım. Yarımçıq əsərlər yığılıb qalmışdı. İndi də vaxt tapdıqca həmin yarımçıq əsərləri tamamlamağa çalışıram.

- Sizi çəkməyə vadar edən nədir?

- Hər şey. İnsanlarla söhbət zamanı bir kəlmə söz belə məni vadar edə bilər ki, o sözü boyalarla ifadə edim. Ani bir baxış diqqətdə qala bilər.

- Rəsm çəkməyi nə ilə müqayisə edərdiniz?

- Sevişməklə... Kətanı qarşına qoyub qadın kimi baxmalısan. Onu əzizləməlisən, əlinlə sığal çəkməlisən, öpməlisən, fırçalarla istədiyin rəngə boyamalısan. Belə-belə, bir də görəcəksən ki, əsər artıq bitib. Sənətinlə sevişməlisən. Mən Səttardan, Toğruldan əsərə qarşı sevgi ilə yanaşmağı öyrənmişəm. Tələbələrimə də bunu öyrədirəm.

- XIX əsrin sonlarında yaşayan fransız rəssam Sezan deyib ki, bir almada bütün dünyanın xüsusiyyətini təsvir edə bilərəm. Siz rəssam olmağı bir cümlə ilə necə ifadə edərdiniz?

- Rəsm musiqinin və rəqsin rəngli formasıdır. Bu ikisinin harmoniyası rəsmdə birləşir. Rəssam isə ətrafında olan hər şeyi fırçanın köməyi ilə insanlara çatdırandır. Toğrul mənə deyərdi ki, nə çəkdiyin, kimi çəkdiyin önəmli deyil, yetər ki çək. Əsas olan sonda onu necə təsvir etdiyindir. Çünki bu həyatda heç nə göründüyü kimi deyil. Diqqət etsəniz, bütün rəssamların əsərlərində həmin o göründüyü kimi olmayan məqamların sirləri açılıb.

- Son vaxtlar gənc rəssamlar və qeyri-adi rəsm əsərləri çoxalıb.

- Boyaları bir-birinin üzərinə dağıdıb, altına imza atanları deyirsiniz? (gülür) İnanın mənə, onlar əsər deyil. İndi "rəssamlar" var ki, bir rəngdə düz bir xətt çəkir və ona əsər deyir. Ya da müxtəlif rəngli boyaları bir-birinə qatıb altına da imza qoyurlar. Həmin əsərlər sərgilənir və saatlarla əsərə baxıb mənasını anlamağa çalışırlar. Dərd orasıdır ki, üç-dörd yaşlı uşaqların kağız üzərində rəngli karandaşlarla çəkdiyi qara-quranı xatırladan "əsərlər" milyonlarla dollara satılır.

- Ən bahalı əsərinizi kim alıb və neçəyə?

- Bunu açıqlamaq istəmirəm. Amma Fransanın ölkəmizdəki əvvəlki səfiri mənim əsərimi çox bəyənmişdi və alıb otağından asmışdı. Şəklini mənə göndərmişdi. Mədəniyyət Nazirliyindən də əsərlərimi alanlar olub. Adlarını çəkmək istəməzdim. Milyonlarla olmasa da, minliklərə çıxa bilmişik (gülür).

- Fikirlərinizin oğurlandığı hallar olubmu?

- Nəinki fikirlərim, əsərlərim belə oğurlanıb. Emalatxananın qapısını qırıb, doqquz əsərimi oğurlamışdılar. İçərisində avtoportretim də vardı. Əsərlərimin yarısı tapıldı, üçü isə hələ də tapılmayıb.

- Necə tapdınız?

- İnanırsınız, əsərlərimi araq almaq üçün mağazaya pul əvəzi vermişdilər. Mağaza sahibi də əsərimi asmışdı divara. Bir nəfər görüb mənə xəbər etmişdi ki, sənin portretini İçərişəhərdə mağazada asıblar. Hətta bir əcnəbi onu almaq üçün mağaza sahibini dilə tutmağa çalışıb. Dedim ki, ona pul verin, əsərimi satmasın, gedim, götürüm. O biriləri kitab mağazasına vermişdilər. İkisini rəsm qalereyasına vermişdilər, oradan götürdüm. Amma üç əsərim itdi.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov