Azərbaycan "Yeni Dalğa"da: Aisel doqquzuncu yerə yüksəlib

16:27 27-08-2019 951

Rusiyanın Soçi şəhərində 18-ci dəfə təşkil olunan gənc pop müğənnilərinin illik "Yeni dalğa" beynəlxalq müsabiqəsi davam edir.

HerGun.Az xəbər verir ki, Azərbaycan "Yeni dalğa"da artıq dördüncü dəfədir iştirak edir. Nüfuzlu yarışmada ölkəni "Eurovision 2018" mahnı müsabiqəsində təmsil etmiş AISEL təmsil edir.

Yarışmanın bu dəfəki ilk musiqi mövzusu 2019-cu ilin aprelində 70 illik yubileyini qeyd etmiş Rusiya səhnəsinin divası Alla Puqaçovanın ifa etdiyi əsərlər oldu.

"Yeni Dalğa-2019"da AISEL A.Puqaçovanın meqahitlərindən biri olan "Məni yanına çağır" ("Позови меня с собой") mahnısını ifa edib.

Peşəkar münsiflər heyətinin səsverməsinə əsasən, yarışmanın ilk günü AISEL 78 bal toplayaraq 13-cü yerdən 9-cu yerə yüksəlib.

"Yeni Dalğa 2019" mahnı yarışması çərçivəsində "Sizin Moda Jurnalı" nəşri bu dəfə ilin ən dəbli iştirakçısını seçir. AISEL də qələbə üçün irəli sürülən namizədlər arasındadır. 

Qeyd edək ki, müxtəlif illərdə Azərbaycanı "Yeni Dalğa" müsabiqəsində ölkənin tanınmış musiqiçiləri "Milk & Kisses" qrupu (Dilarə Kazımova və Fəridə Nelson), Çingiz Mustafayev və Emil Kadırov təmsil ediblər.

Rəşad Əliyev