"Göyərçin" abidəsinin müəllifi: Əfsanəvi eşqin simvolunu yaratmaq istəyirəm - MÜSAHİBƏ

20:36 10-09-2019 718

HerGun.Az Sumqayıtın simvoluna çevrilmiş "Göyərçin" heykəli ilə adını tarixə yazdıran heykəltəraş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirovla müsahibəni təqdim edir:

Vaqif Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tiflisdə rəssamlar akademiyasını bitirib. Sumqayıtla tanışlığı isə 1968-ci ildən başlayır. O deyir ki, Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 illini bu şəhərin gözəlləşdirilməsinə, abadlaşdırılmasına həsr edib.

- Vaqif müəllim, 40 ilini tamamlamış "Göyərçin" abidəsi, bəlkə də, Sumqayıtdan daha məşhurdur.

- Ömrümün 50 ilini Sumqayıta həsr etmişəm. Yaxınlarda şəhərin 70 illiyi keçiriləcək. Düşünürəm ki, sülh və sülhün rəmzi olan "Göyərçin" unudulmaz olmalıdır.

- Sumqayıtı təsvir etmək üçün "Göyərçin" kifayətdir?

- Hər şəhərin yaranma tarixi, yaradıcıları var. Bu isə o şəhər haqqında ilkin məlumat, tarix deməkdir. Bu gün Sumqayıtın adı gələndə, "Göyərçin" abidəsinin olduğu park yada düşür. Bu, məni qürurlandırır. Amma şəhərin möhtəşəm əfsanəsi var. Onu əbədiləşdirmək lazımdır.

- Söhbət "Sumqayıt" əfsanəsindən gedir?

- Bəli, bu gün də müxtəlif variantlarda danışılan, dillərdə gəzən əfsanə.

Bu əfsanədən danışın. 

- Əfsanəyə görə, o vaxt şəhərdə Sum adlı bir gənc yaşayıb. O, insanların susuzluqdan əziyyət çəkməsinin qarşısını almaq üçün yollar axtarır. Şəhərə gələn suyun qarşısını nəhəng bir qaya parçası almışdı. Sum qərara gəlir ki, bu məsələni həll etmək üçün qayanı oradan götürsün. Bu zaman onun Ceyran adlı sevgilisi ona getməməsi üçün yalvarır.

Sum ona qulaq asmır, ölümə gedir. Qayanı qaldıran Sum ağırlığa döz bilmir və torpağın içinə batır. Onun yalnız beş barmağı qalır. İndi Beşbarmaq dediyimiz o yer Sumqayıt əfsanəsinin bir hissəsidir.                       

Sevgilisinin öldüyünü eşidən Ceyran onun yoxluğuna dözə bilmir. Sum suyun qarşısında dayanan qayanı qaldırdıqdan sonra axan su göl əmələ gətirir. Ceyran özünü həmin gölə ataraq intihar edir. O vaxtdan Ceyranın batdığı ərazi "Ceyranbatan" adlanmağa başlayıb.

- Bununla bağlı layihə hazırlamısınız?

- Bəli, onun eskizi "Tarix" muzeyində saxlanılır. Mən bu əfsanə üçün Polad Bülbüloğlu ilə danışmışdım. O, bu əfsanə üçün melodiya hazırlayacağını da demişdi. "Karvan" simfonik muğamının sədaları altında "Sumqayıt" əfsanəsi...

Bu, insanı keçmişə virtual səyahətə aparır. Təəssüf ki, mənim ən böyük arzum həyata keçmir. Rəsul Rza da Sumqayıt haqqında olan əfsanədən yazıb. O vaxt mən bu şəhərə dəvət alanda diqqətimi çəkən məqam "Sumqayıt" əfsanəsi idi. Hər bir şəhər haqqında belə maraqlı əfsanə var. 

Bu əfsanə üzərində maraqlı kompozisiya işlədim. 25 metr hündürlüyündə gözəl əsər olmalı idi. Əsərdə beş barmaq və onun sağ tərəfində batmaqda olan ceyran başı təsvir edilib. 1974-cü ildə Sumqayıtın 20 illiyində ulu öndər Heydər Əliyev Sumqayıta gəlmişdi. Onun zövqünə söz ola bilməzdi.

Təqdim etdiyim əsəri çox bəyənmişdi və birinci katibə tapşırıq vermişdi ki, onun adından Nazirlər Kabinetinə layihənin icrası ilə bağlı təlimat verilsin. Elə oldu ki, birinci katib Bakıya göndərildi və bu məsələ diqqətdən kənarda qaldı. Burada özümdə də günah görürəm, mən gərək özüm bu işin üzərinə daha çox düşəydim. Heydər Əliyev bu əsərin gerçəkləşdirilməsi üçün təlimat vermişdi.

- "Göyərçin" əsərinin yaranmasından danışın...

- Sumqayıt o vaxt indiki kimi gözəl deyildi. Çox solğun, sanki unudulmuş şəhəri xatırladırdı. Mən şəhərdə gəzəndə "Göyərçin" heykəlinin yerləşdiyi indiki ərazi diqqətimi çəkdi. Heykəlin ideyasına gəldikdə, bu, həmin küçəyə verilən adla bağlıdır: Sülh küçəsi. Düşündüm ki, bu küçəyə yalnız sülhün rəmzi yaraşar. Heç vaxt heç kimin sifarişi ilə əsər hazırlamamışam. Bu heykəlin tarixi ilə bağlı çox söz-söhbətlər gəzdi, amma onların heç birinə fikir vermirəm.  Bu gün ölçüsü 10x10-na olan "Göyərçin" heykəli özünün qeyri-adi forması ilə respublikada, hətta deyərdim ki, bir çox dünya ölkələrində də tanınır.

O vaxt Sülh küçəsində raketlər var idi. Müraciət etdim ki, Sülh küçəsində raketlərin olması doğru deyil. Diqqət etsəniz, bəlkə də, yeganə şəhərdir ki, sülh küçəsində sülhə çağrış edən mükəmməl bir əsər var.

- Heykəlin hazırlanması nə qədər vaxtınızı aldı? Eskizlərdə göyərçinin başqa formada olması gözlənilirdi, yoxsa elə ilk və tək variant bu idi?

- Əslində, bu heykəl hazırlananda, 1978-ci ildə başqa model yox idi. Balaca bir model idi. Sonra biz onu iki metr böyütdük. Daha sonra mütəxəssislərin köməyilə bu heykəlin həcmini daha da böyüdüb 7,5 metrə qədər ucaltdıq. Forması isə qanadlanıb uçmağa hazırlaşan göyərçini xatırladır.

Yağlı boya ilə rəsmlər işləyirdim. Ən çox sevdiyim ağac əncir ağacıdır. Onun yarpaqlarının forması, həqiqətən, göz oxşayır. Yağlı boya ilə divarda  işlədiyim əncir ağacının görünüşü mənə qanadlanıb uçmağa hazırlaşan göyərçini xatırlatdı. Elə eskizi də bu formada hazırlamaq qərarına gəldim.

Bu gün artıq "Göyərçin" Sumqayıtın simvolu olub. Hətta gerbində də öz əksini tapıb. 2009-cu ildə Sumqayıt şəhərinin 60 illiyində Prezident İlham Əliyev tərəfindən "Əməkdar incəsənət xadimi" adına layiq görüldüm.

- 70 illik Sumqayıtın 50 ili sizin yaradıcılığınızla bağlıdır. Başqa hansı əsərlərin müəllifisiniz?

- Sumqayıtda "Nəsimi", "Üzeyir Hacıbəyov" heykəli, şəhərin mərkəzi küçələrində bir sıra əsərlərim var. Bakıda, indiki Türkiyə Səfirliyinin yerləşdiyi ərazidə park var idi. O parkda mənim çox gözəl əsərim var idi. O vaxt Rostov vilayətinin birinci katibi o əsərin eskizini bəyənmişdi və bu əsərin surətini hazırlamağımı istəyirdi.

Əsərdə iki güclü dövlət - SSRİ və ABŞ-ı təmsil edən iki göyərçin və dimdiklərinin üzərində saxladıqları yer kürəsi təsvir edilirdi. Bu əsər olduqca maraqlı idi. Həmin ərazidə səfirliyin binası tikilməyə başlananda heykəl oradan qaldırıldı. Sonra isə onun aqibətindən xəbərim olmadı.

- Bəzən çox maraqla izlədiyimiz, bəyəndiyimiz filmlərin bir müddət sonra plagiat olduğunu öyrənirik. Hansısa bir əsərinizi başqalarının əl işlərindən ilhamlanaraq hazırlamısınız?

- Xeyr. Hazırladığım heykəllərin içərisində başqa əsərlərə bənzər məqamlar tapmaq mümkün deyil. Biz vaxtlar "Göyərçin"lə bağlı söz-söhbətlər yayılsa da, tutarlı fakt ortaya qoyan olmadı. Çünki əsassız söhbətlər, iddialar idi.

- "Nəsimi" heykəlinin yerinin dəyişməsi də geniş müzakirə edildi. Bunu özünüz istəmişdiniz?

- Əslində, heç bir müəllif istəməz ki, heykəl ucaldığı yerdən götürülsün. Biz heykəli "Nəsimi" adlı parkın qarşısında qoymuşduq. Heykəlin həmmüəllifi Asim Quliyev olub.

Onu elə hazırlamışdım ki, əynindəki libası dərisini xatırladırdı. Sanki yer kürəsi aralanır və içərisindən Nəsimi çıxır. İçəridə sağ tərəfdə barelyefi qoyulub və onun başına gətirilənlər yazılıb. Ölçü olaraq yerinə uyğun idi. Sadəcə olaraq, heykəlin sağ və solundakı hündür ağaclar sanki onu kiçildirdi.

- Ulu öndər Heydər Əliyevin sizin əsərlərinizlə bağlı müsbət fikirlərindən danışdınız. Başqa hansı əsərlərinizlə tanış olmuşdu?

- Xalça üzərində toxunma üçün 2x2-yə ölçülərdə "Ey vətən" adlı eskiz hazırlamışdım. 1995-ci ildə Heydər Əliyevin Sumqayıt şəhərinə gəlişi gözlənilirdi. Əsərdə Q.Qarayev, Niyazi,  R.Behbudov və b. dahilərimizin qayaya dönmüş forması təsvir edilib. Bütün dahilərimizin yubileylərini məhz Ulu öndər təşkil edirdi.

H.Əliyev mənim iki əsərimi bəyənmiş və hazırlanması üçün razılıq vermişdi. Bunlardan biri Sumqayıt şəhərinin tikilməsində mühüm rolu olan şəxslərə hazırladığım abidənin eskizi, hansı ki onun 14 mərtəbəli binanın qarşısında ucaldılması gözlənilirdi, digəri isə "Sumqayıt" əfsanəsi idi. Onun zövqü bir başqa və müqayisəedilməz idi.

- Yeni abidələrin qoyulması gözlənilirmi?

- Sumqayıtın 70 illiyi ilə əlaqədar Qarabağ atlarının təsvir olunduğu abidə barədə layihə vermişəm. Yer kürəsinin üzərində şaha qalxan üç Qarabağ atı. İcra başçısı ilə danışıqlarımız olub, müsbət yanaşıblar. Şəhərin 70 illik yubileyinə qədər hazırlanması gözlənilir. Artıq heykəlin ucaldılması üçün yer də ayrılıb. Heydər Əliyev prospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən parkın girişində ucaldılacaq bu abidə şəhərə daha da gözəllik qatacaq. 

Könül Cəfərli
FOTO: Hüseyn Həsənov