Vüsal Qasımlı: Azərbaycanda alıcılıq qabiliyyəti Ermənistandan iki dəfə çoxdur

13:45 02-10-2019 556

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi ilə 2019-cu ildə reallaşdırılan inqilabi sosial islahatlara dair mətbuat konfransı keçirib.

Vüsal Qasımlı bildirib ki, əhalinin layiqli həyat şəraitini təmin edən sosial islahatlar aşağı inflyasiya və manatın sabitliyi şəraitində həyata keçirilir:

“Sosial islahat paketi minimum əmək haqqının, minimum pensiyanın, eyni zamanda, təqaüd və müavinətlərin artırılması, o cümlədən, problemli və vaxtı keçmiş kreditlərin geri qaytarılması və restrukturizasiyası kimi önəmli islahat tədbirlərini özündə ehtiva edir. Ümumi olaraq sosial islahat paketi 3.9 milyard manat maliyyə yükü ilə 4.2 milyon nəfəri əhatə edib.

2019-cu  il ərzində minimum əmək haqqı 93% artırılaraq 130 manatdan 250 manata çatdırılıb.

İki mərhələli baş tutan bu artımla minimal əmək haqqı Prezidentin 2019-cu il fevralın 8-də imzaladığı Sərəncamla 130 manatdan 180 manata artırılmış və 600 minədək insanı əhatə etmiş, iyunun 18-də imzalanan Sərəncamla isə 250 manat səviyyəsinə çatdırılaraq özəl sektorda çalışan 350 min, dövlət sektorunda isə 600 minə yaxın şəxsə aid olib.

Hazırda Azərbaycanda minimum əmək haqqı ölkə üzrə yaşayış minimumunu 40% üstələyir. Nəticədə minimum aylıq əmək haqqı 130 manatdan 250 manata çatmışdır. Əmək haqlarının artımı öz təsirini ölkədə orta aylıq əmək haqqının da artımına göstərəcəkdir ki, bu da ilin sonuna doğru orta aylıq əmək haqqının orta hesabla 15 faiz artaraq təqribən 625 manata çatmasına imkan verəcək.

Əgər alıcılıq qabiliyyəti paritetinə əsasən hesablasaq Azərbaycanda minimum əmək haqqının MDB, Gürcüstan və Ukrayna ilə müqayisədə yüksək olduğunu müəyyənləşdirmək olar. Alıcılıq qabiliyyəti paritetinə əsasən hesablanan məzənnə, ABŞ dollarının ABŞ-da alacağı miqdarda məhsulu digər ölkənin bazarında almaq üçün tələb olunan yerli valyuta dəyəridir.

Başqa sözlə, ABŞ-da 1 dollara alınan məhsulu yerli bazarda almaq üçün tələb olunan ödənişdir. Azərbaycan üçün bu rəqəm Dünya Bankının 2018-ci il üçün təqdim etdiyi statistika məlumatlarına əsasən 0,42 manatdır. Yəni, ABŞ-da 1 dollara alına biləcək məhsulu Azərbaycanda 0.42 manata (0.25 ABŞ dolları) almaq mümkündür. Buradan da göründüyü kimi ölkələr üzrə əmək haqları və sosial ödənişlərin nominal olaraq ABŞ dolları ilə ifadəsi müqayisə üçün yetərli deyil.

Belə ki, alıcılıq qabiliyyəti pariteti ölkələr üzrə fərqlənir, iki ölkə üzrə eyni miqdarda vəsaitə sahib olan şəxslərin alacağı məhsullar eyni miqdarda olmayacaq. Bu da əhalinin yaşayış şəraitinə, sosial rifahına birbaşa təsir edən amillərdəndir. Bu səbəbdən ölkələr üzrə müqayisəli təhlil aparmaq üçün hər bir göstəricini alıcılıq qabiliyyəti paritetinə əsasən “Beynəlxalq dollar” göstəricisi ilə ifadə etdikdən sonra real fərqləri görmək mümkündür. 

Beynəlxalq dollarla ifadədə Azərbaycan minimum əmək haqqı səviyyəsinə görə MDB ölkələri arasında 595 beynəlxalq dollar göstəricisi ilə 2-ci yerdə qərarlaşıb.

Bu o deməkdir ki, Azərbaycanda yaşayan və minimum əmək haqqı alan şəxs ABŞ-da 595 ABŞ dolları məvacib alan şəxslə eyni alıcılıq qabiliyyətinə malikdir. 

Digər MDB ölkələri ilə müqayisədə, Azərbaycanda beynəlxalq dollarla ifadə edilmiş minimum əmək haqqı Ermənistandan 2.1 dəfə, Qazaxıstandan 1.6 dəfə, Gürcüstan və Rusiyadan isə 1.4 dəfə yüksəkdir.

Azərbaycanda 2019-cu il sentyabrın 1-dən minimum əmək haqlarının yenidən artırılması orta əmək haqqına da müsbət təsir göstərərək, orta əmək haqqının alıcılıq pariteti üzrə məzənnə nəzərə alınmaqla 1540 beynəlxalq dollara çatacağını proqnozlaşdırmağa imkan verir.

Bu, o deməkdir ki, Azərbaycanda orta əmək haqqı Ermənistandan 1.6 dəfə (Ermənistan-960 beynəlxalq dollar), Gürcüstandan 1.1 dəfə (Gürcüstan-1431 beynəlxalq dollar) çox olacaq”.