“Qarabağ” yatağının işlənməsi üçün platformanın tikintisi sona çatır

16:54 04-10-2019 799

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin baş vitse-prezidenti Karri Lokhartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-ın verdiyi məlumata görə, görüşdə “Qarabağ” yatağının işlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb, perspektivlər müzakirə edilib.

Tərəflər layihənin düzgün istiqamətdə inkişaf etdiyini vurğulayıb, yüksək səmərə verəcəyinə və Azərbaycanın iqtisadi inkişafına əlavə dəyər qatacağına əminliklərini ifadə ediblər. “Qarabağ” yatağında istifadəsi nəzərdə tutulmuş qurğu və platformada yekun işlərin görüldüyü və bu yaxında istismara veriləcəyi bildirilib.

Görüşdə “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi”-“Dan Ulduzu”-“Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi” ilə bağlı fikir mübadiləsi aparılıb, SOCAR rəhbərliyi müxtəlif layihələrdə “Equinor” şirkəti ilə əməkdaşlığın perspektivli olduğunu bildirib. Tərəflər gələcəkdə də əməkdaşlığın davam etdirilməsi imkanlarını müzakirə ediblər.

Xatırladaq ki, SOCAR və Statoil (Equinor) 1992-ci ildən bir sıra mühüm layihələrdə, o cümlədən, Azəri-Çıraq və dərinsulu Günəşli (AÇG) neft yatağının işlənilməsi layihəsində əməkdaşlıq edir.

AÇG layihəsində SOCAR 25%, Statoil-Azərbaycan şirkəti isə 7,27% paya malikdir. Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində Statoil Azərbaycan 8,71%, SOCAR-ın törəmə şirkəti olan AzBTC 25%-lik pay sahibidir.

2018-ci ildə SOCAR ilə Equinor qrupunun bir hissəsi olan “Statoil-Azərbaycan” şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti sazişi” və “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi”-“Dan Ulduzu”-“Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş” imzalanıb.