Bu meyvə də Azərbaycanda yetişdirildi

22:40 06-11-2019 438

Azərbaycanda daha bir yeni tropik-subtropik meyvə yetişdirilib. 

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, vətəni Cənubi Amerika olan quayava Lənkəranda yetişdirilib. 

Qırmızı və sarımtıl quayava bitkiləri üzərində aparılan təcrübələrə professor Fərman Quliyev 20 ilə yaxın vaxt və əmək sərf edib. 

Nəticə isə ürəkaçan olub. Çox tez bir vaxtda - əkildiyi üçüncü ildən - məhsul verən quayava ağacı may ayında çiçəkləyir və meyvələr mərhələlərlə yetişərək sentyabr-noyabr aylarında yığılır. Bir ağac yaşından və  boyundan aslı olaraq 50 -100 kq məhsul verir. 

Feyxoa ilə bir nəsildən olan quayava bitkisi həm toxumla, həm də vegetativ üsulla artırılır. Feyxoadakı kimi toxum üsulu ilə artıranda az məhsul verir, amma çiling üsulundan istifadə etdikdə məhsuldarlıq çox olur. 

Xəstəliklərə qarşı dözümlü olan quayavaya böyük maraq və tələbat nəzərə alınaraq artıq elmi mərkəz tərəfindən tinglik təsərrüfatının yaradılmasına başlanılıb. Gözəl görünüşə, xoş ətrə və turşaşirin dada malik meyvənin yüksək qidalılıq və müalicəvi əhəmiyyəti var. Digər sitrus meyvələrinə nisbətən, C vitaminin miqdarı quayavanın tərkibində 4-5 dəfə çoxdur. Quayavadan mürəbbə, kompot və şirələr hazırlanır, kosmetologiya və ətriyyat sənayesində istifadə olunur.