Bərdədə dəmiryolu körpüsünün altında partlayıcı maddələr tapıldı – FOTO

05:40 07-11-2019 10

Tərtər çayının Bərdə rayonu ərazisindən keçən hissəsində, dəmiryolu körpüsünün altında təhlükəli döyüş sursatları aşkar olunub

Bu barədə DİN-in Yevlax Xətt Polis Şöbəsi tərəfindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) xəbər verilib.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə gedərək təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirib.

Nəticədə dəmiryolu körpüsünün altında, Tərtər çayının sularında 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1 ədəd 14.5 mm-lik patron və 5 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan top mərmisinin gilizi aşkar olunub.

Tapıntılar zərərsizləşdirilmək üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.