Tüstüdə boğulan körpələrlə bağlı rəsmi açıqlama - Ana qapını bağlayıb, marketə gedib

12:20 30-11-2019 21

Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Aşurbəyovlar küçəsi 8 saylı ünvanda yerləşən yaşayış binasının 25-ci mənzilində yanğın baş verməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb. 

Məlumatda bildirilib ki, noyabrın 29-da saat 19 radələrində paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Aşurbəyovlar küçəsi 8 saylı ünvanda yerləşən yaşayış binasının 25-ci mənzilində yanğın baş verməsi nəticəsində 2014-cü il təvəllüdlü Ruqayyə Əlizadə və 2016-cı il təvəllüdlü İsmayıl Əlizadənin tüstüdən boğularaq vəfat etmələri faktı ilə bağlı məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası təcili olaraq hadisə yerinə cəlb edilməklə yanğının qarşısı alınıb, onun genişlənməsinə və binanın digər mənzillərinə keçməsinə imkan verilməyib.

Hadisə yerinə polis, prokurorluq, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti və hal şahidlərinin iştirakları ilə baxış keçirilib.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə məhkəmə-tibb, məhkəmə-yanğın və texnoloji partlayışların tədqiqi ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin istintaqla müəyyən edilib ki, həmin evdə 2 ildən artıq müddətdə həyat yoldaşı ilə kirayədə yaşayan 1993-cü ildə Bərdə rayonunda anadan olmuş Könül Əliyeva övladları - Ruqayyə və Anar Əlizadəni mənzildə tək qoyaraq qapını çöldən bağlayıb, saat 18 radələrində mağazaya gedib və evə qayıdaraq qapını açarkən qatı tüstü olduğunu görüb. Azyaşlılar qonşuların köməyi ilə çıxarıldıqdan sonra yanğın baş verib və dərhal xəstəxanaya aparılmalarına baxmayaraq, hər ikisi ölüb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.