Azərbaycanlı kivi və narın içərisində bir ton narkotik keçirmək istədi - TARİXİ REKORD + FOTO

14:20 30-11-2019 418

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Ukrayna Respublikasına “Volvo” markalı 42BP450/42ZA122 dövlət qeydiyyat nişanlı yük maşınında külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub. 

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən HerGun.Az-a verilən məlumata görə, Astara gömrük postunda saxlanılan nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İranın “Ensıye Izadkhah By Order Navıd Khan Mohammadı Commercıal” şirkətindən Ukrayna Respublikasında fəaliyyət göstərən “Bayramlar LTD” şirkətinə “kivi və nar” meyvə yükü apardığı məlum olub.

Yükə baxış keçirən gömrükçülər Azərbaycan Respublikası vətəndaşı Hüseynov Ramiz Hacıəli oğlunun idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusundakı 26 paletdə, 1152 ədədində  kivi və 1550 ədədində  nar olmaqla, ümumilikdə 2702 ədəd standart ölçülü plastik yeşiklərdə qablaşdırılan meyvə yükü olduğunu müəyyən edib.

Kivi yükü olan səkkiz paletdəki 768 yeşikdən 471 ədədində kivilərdən “örtücü mal” kimi istifadə edilməklə gizlədilən, kivilərin qablaşdırılmasında istifadə olunan sarı kağızlara bükülmüş vəziyyətdə 1884 ədəd dördkünc formalı bağlamalar aşkar olunub.

Şəffaf və sarı yapışqanlı lentlə sarınmış bağlamalarda ümumilikdə qablaşdırırılması ilə birlikdə 933 kq 115 qram çəkidə açıq qəhvəyi rəngli, narkotik vasitə-heroin olduğu müəyyən edilib.

Xatırladaq ki, dörd gün əvvəl gömrükçülərin həyata keçirdiyi  daha bir uğurlu əməliyyat zamanı Azərbaycandan tranzit keçməklə 304 kq heroinin Ukraynaya daşınmasının qarşısı alınıb.

Ümumilikdə son dörd gündə gömrük orqanları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində aşkar edilən iki fakt üzrə 1 ton 240 kiloqram heroin qanunsuz dövriyyədən çıxarılıb.

İlhamə Əbülfət