Bakıda ilk dəfə xaricdə təhsil almaq istəyən gənclər üçün forum keçirildi - FOTO

15:40 30-11-2019 529

Bakıda ilk dəfə 800- dən çox insanın iştirakı ilə “Xaricdə təhsil forumu 2019” keçirilib. Sosial şəbəkələrdə fəaliyyət göstərən və 30.000 dən çox üzvü olan “Çörək almaq adıyla çıxanlar”  qrupunun təsisçisi və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin sədri Toğrul Ələkbər 50 –yə yaxın könüllülərdən ibarət komandası ilə ərsəyə gətirdiyi forumun əsas məqsədi xaricdə təhsil almaq istəyən gəncləri hər tərəfli məlumatlandırmaq idi.

Layihə rəhbəri Toğrul Ələkbər bildirdi ki, Bakıda ilk dəfə keçirilən xaricdə təhsil forumunda dünyanın müxtəlif ölkələrində, fərqli ixtisas məzunları olan spikerlər auditoriya ilə çörəyin dadını paylaşacaqlar: “ Bu gün forum iştirakçılarının hər birinin bir gözləntisi var idi. Və bu zalda onlar əsl iradə, əzmkarlıq hekayələrini dinlədilər. 

Spikerlərimizin seçimi zamanı bu məqamı  çox düşünmüşdük. 800 nəfərdən çox auditoriyanın maraq dairəsini əhatə etmək, gözləntilərini qarşılamaq asan məsələ deyil. Amma hər çıxışdan sonra əmin olduq ki, bunu bacardıq. Və düşünürük ki, qarşısına məqsəd qoyan, mübarizə aparmağı bacaran hər bir gəncə bu gün çox faydalı olduq.”

Zeytun bağları, British Council, EduMax, Lingva Language School, Libraff, Career Guid,   Solitonun sponsorluğu və VitaDiet, Buta Art & Sweets, Starbucks, Özgədəbəy, Böyük Dayaq İctimai Birliyi, KönüllüSən, GUYS, EduMap tərəfdaşlığı ilə baş tutan forumda 8 spiker bir- birindən fərqli və maraqlı mövzularda çıxış etdilər.

Spikerlər ABŞ, Polşa, Portuqaliya, İngiltərə,Finlandiya, Türkiyə, Kipr və Malayziyanın aparıcı universitetlərinin fərqli ixtisaslarının məzunları olaraq xaricdə təhsili qazandıqdan sonra yaşadıqları macəraları, maraqlı anları və karyera inkişafı ilə bağlı şəxsi təcrübələrini bölüşdülər.  Aktiv auditoriyanın iştirakı ilə baş tutan forumda qonaqlar tərəfdaş və sponsorlar tərəfindən hədiyyələr də qazandı.

Məlumat üçün bildirək ki, “Xaricdə təhsil forumu 2020” gələn il ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulur. Daha ətraflı məlumat üçün “Çörək almaq adıyla çıxanlar”  qrupunun facebook və instagram səhifəsində elanları izləmək mümkündür.

Facebook : https://www.facebook.com/groups/188289155084137/

İnstagram: @xaricdechorek