Apellyasiya Arbitraj Tribunalı “Zirə” və “Keşlə”nin şikayətlərinə baxdı

10:00 02-12-2019 456

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı iki məsələyə baxıb.

HerGun.Az xəbər verir ki, “Zirə” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib.

AFFA-nın İntizam Komitəsinin 5 noyabr 2019-cu il tarixli qərarı ilə 3 noyabr 2019-cu il, 2019/2020 mövsümündə XXVIII Premyer Liqasının X turunun “Zirə” – “Sumqayıt” matçında meydan sahibləri oyunun AFFA nümayəndəsini və hakim-inspektorunu tələb olunan yerlə təmin etmədiyinə görə klubun 800 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.

Oyunun ikinci hissəsi “Zirə”yə görə iki dəqiqə gec başladığına görə klubun 2400 manat cərimə olunması qərarı ləğv edilib.

“Keşlə” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib.

AFFA-nın İntizam Komitəsinin 26 noyabr 2019-cu il tarixli qərarı ilə 24 noyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın XII turunun “Zirə” – “Keşlə” matçının 60-cı dəqiqəsində qonaq komandanın paraqvaylı futbolçusu Sezar Meza Kollinin aqressiv davranışa görə cəzalandırıldığı oyun sayı birə endirilməklə qalan iki oyunda cəzadan şərti olaraq azad edilib.

Transfer pəncərəsi dövrü istisna olmaqla mövsümün növbəti üç ayı ərzində futbolçu qırmızı vərəqə ilə nəticələnəcək eyni əməllərə təkrar yol verəcəyi halda cəzadan şərti olaraq azad etmə ləğv ediləcək, indiki cəzanın çəkilməmiş iki oyunluq kənarlaşdırılma hissəsi yeni qərar üzrə təyin olunmuş cəzanın üzərinə əlavə olunacaq.