Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır? - VİDEO

20:40 09-01-2020 437

Bir müddət əvvəl mətbuatda Xırdalanda Həsən Əliyevlə Heydər Əliyev küçələrinin kəsişməsindəki dairəvi yolda daşan kanalizasiya sularının Ceyranbatan su anbarına axıdıldığı xəbəri yayıldı. 

HerGun.Az xəbər verir ki, H.Əliyev küçəsi 36 ünvanında kanalizasiya suları sözün həqiqi mənasında bulaq kimi “aşıb-daşır”. 

Bu da gediş gəlişdə çətinlik yaradır. Yola yığılan çirkab sakinlər arasında daha çox “120 nömrəli avtobusun axırıncı dayanacağı” kimi tanınan ərazidən başlayaraq, bir neçə nöqtədə Ceyranbatan su anbarına axıdılır. Suyun çıxdığı yerdə torpaq hissə qazılıb və axıntı minlərlə evin içməli su mənbəyi olan anbara doğru istiqamətləndirilib. 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, “yuxarı hissələrdə çəkilən kanalizasiya xətlərinin sistemə tam qoşulması təmin olunmayıb. Ona görə orada baxış quyusunda qaynama var.

Axıntının Ceyranbatan su anbarına heç bir qarışacağı yoxdur. Həmin sahildə bir gölməçə var, həmin bu axıntı su da ora axır”. 

 A.Cəbrayıllı onu da qeyd etdi ki, bəhs edilən ərazidə kanalizasiya xəttinin tikintisinə Bakı Mühəndislik Universiteti tərəfdən başlayaraq, Xırdalan istiqamətində davam edilib. Yaxın vaxtlarda 2 ədəd 12 metrlik yeni kollektor çəkilib mövcud olana birləşdiriləcək ki, bununla da problemin qarşısı tamamilə alınacaq.