“Şipşirin” Elçindən qəribə açıqlama: “Müğənnilər avara qalıb” - FOTO

12:00 11-01-2020 553

Çox ani bir qərar oldu. Dostlarımdan təklif gəldi. Onsuz da harasa getmək istəyirdim. Qısa zaman çərçivəsində hazırlaşıb Avstriyaya yola düşdük. Çox soyuq idi.

Bu sözləri ekranlardan uzaq düşən, şou meydanda az-az görünən, “Şipşirin” ləqəbi ilə tanınan populyar müğənni Elçin Cəfərov HerGun.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi Alp dağlarına getməsindən danışıb, bu səyahətdən böyük zövq aldığını bildirdi:

“Ən xoşuma gələn məqam isə gördüklərimin şəkil kimi görünməsi idi. Mən təbiəti sevən insanam. Buludun, səmanın rəngi şəkillərdə gördüyümüz kimi çox gözəl idi”.

E.Cəfərov efirlərə az-az çıxmasını musiqidə yaşanan keçid dövrü ilə əlaqələndirdi:

“Kənardan hər şey çox asan görünür. Sözün əsl mənasında, sənətçi olmaq da çətindir. Hal-hazırda musiqidə keçid dövrü yaşayırıq. Televiziya “Youtube” və “Instagram” arasında bölünüb. Gənclərin marağı artıq televiziyaya deyil, daha çox sosial şəbəkələrədir. Məhz bu səbəbdən ortada qalmışıq.

Biz ancaq televiziyada görünə bilərik. Gənc nəsil isə sosial media əsrinin insanlarıdır. Mən özümə yaşlı nəsil demirəm. Hərdən özümə sual verirəm, “hara düşmüşəm?” Əslində, sosial mediada mən də varam. Amma digərləri kimi aktiv deyiləm. Hər gün şəkil və video paylaşımları etmirəm. Bunu etmək fikrim də yoxdur. Çünki süni olmaq istəmirəm”.

Adı Türkiyənin “Oskar”ı sayılan “Altın Kələbək”in “Azərbaycanın ən parlaq ulduzu” nominasiyasında olan Elçin bir-neçə dəfə təxirə düşən sözügedən mükafatlanma gecəsindən narazı qaldığını açıq şəkildə ifadə etdi:

“Mənim “Altın Kələbək”dən xəbərim yoxdur. Onlardan belə bir mesaj aldım ki, xanımlardan fərqli olaraq, siz özünüz təyyarə biletlərini almalısınız. Qadınlara jest edirlər bəylərə isə yox. Düşünürəm ki, bu düzgün bir şey deyil. On nəfər sənətçinin biletini almaq belə baha başa gəlir ki?

Zənnimcə, o qədər də çətin deyil. O qədər sənətçinin arasında mənim də adımın olması çox xoşuma gəlmişdi. Sadəcə gedişat doğru deyil. Məni “Altın Kələbək”in Bakıda keçirilən tədbirinə dəvət etmişdilər. Lakin Vətəndə olmadığımdan qatıla bilmədim”.

Sənətçidən oğlu Canı ara-sıra yalnız “Instagram”da gördüyümüzü demişdik ki, Elçin “uşağım nəzərə gəlir”, - deyib fikirlərini bu cür davam etdi:

“Uşağımın şəkillərini tez-tez paylaşmağı sevmirəm. Nəzərə gəlir. Kim övladını, ailəsini tamaşaçılardan gizlədirsə, bu, onun şəxsi işidir. Övladımla paylaşacaq fotolarım çoxdur, amma düşünürəm ki, lazım deyil. İstəmirəm çox görünsün. Demirəm ki mənim uşağım hamıdan dəyərlidir, sadəcə cızıqdan çıxmaq istəmirəm. Az-az görünəndə daha şirin olur”.

Müğənniləri fəaliyyətsizlikdə günahlandıranlara Elçin məhkəmə qurub, həmkarlarını müdafiə etdi:

“Təbii ki, keyfiyyətli işlər görən həmkarlarım var. Hamı nəsə axtarır. Müğənniləri qınamaq lazım deyil. Hamı dəyişmək istəyir. İndi ritmlərdən tutmuş, mahnıların janrlarına kimi hər şey dəyişib.  Müğənnilər avara qalıb. Həmkarlarımın əksəriyyəti üslübunu dəyişmək istəyir. Yenilik axtarırlar. Amma tapmaq da asan məsələ deyil. Ani dəyişiklik tamaşaçıları itirməklə müşahidə oluna bilər”.

Redaksiyamızın əməkdaşı ilə söhbətində “Şipşirin” Elçin sənət yoldaşı Nura Surinin onun repertuarında yer alan bəstəni yenidən ifa edəcəyini bildirdi:

“Nura Suri yazıb ərsəyə gətirdiyim “Bu gün” mahnımı yenidən ifa edəcək. Artıq aranjimandadır. Ümid edirəm, bunu açıqladığıma görə Nura qəzəblənməz, əksinə müsbət qəbul edər. “Instagram”ının “Hekayə” bölümündə özü şəxsən paylaşıb.

Mahnı köhnə olduğundan Nura xanıma bəstəni satmadım. Təzə mahnı olsaydı, pulunu istəyəcəkdim. Mənim yazdığım mahnını ifa etmək üçün həmkarlarımın “əli cibində” olmalıdır. Bir sözlə, nə qədər çox pul versə bu, onun baş ucalığıdır (gülür). Hər şeyin haqqı verilməlidir”.

Elçindən 2020-ci ilin planlarını soruşmuşduq ki, müğənni bu yöndə açıqlama verməkdən çəkindi:

“2020 yeni başlayıb. Vədlər vermək istəmirəm. Çünki düşündüyüm alınmaya da bilər. Yalançı çıxmaq istəmirəm”.

Rəşad Əliyev