Harri və Meqana görə ailə müşavirəsi keçiriləcək – Son qərarı Kraliça verəcək

05:00 12-01-2020 356

Böyük Britaniyanın kraliçası II Elizabet yanvarın 13-də şahzadə Harri və onun həyat yoldaşı Meqan Marklın krallıq imtiyazlarından imtina etmələri və kral evindən maliyyə cəhətdən müstəqil olmalarına dair qərarına həsr olunmuş ailə müşavirəsi keçirəcək.

Bu barədə “Sky News” telekanalı xəbər verir.

Məlumata əsasən, bu, Sasseks hersoqunun kral ailəsində baş vermiş ciddi böhrana səbəb olan qərarından sonra şahzadə Harrinin iştirakı ilə keçiriləcək  ilk görüş olacaq. Müşavirədə kral ailəsinin bütün böyük üzvlərinin iştirak edəcəyi bildirilir.

Xatırladaq ki, yanvarın 8-də şahzadə Harri və Meqan Markl krallıq imtiyazlarından imtina etmək və kral evindən maddi cəhətdən müstəqillik əldə etmək istədiklərini bildiriblər. Aylarla fikirləşdikdən sonra bu qərara gəldikdlərini açıqlayan cütlük bundan sonra vaxtlarını Britaniya və Şimali Amerikada keçirəcəklərini bəyan ediblər.

Keçiriləcək ailə müşavirəsində Sassekslərin yeni statusu, onlara hansı yolla pul qazanmağa icazə veriləcəyi, eləcə də necə mühafizə olunacaqları müəyyənləşəcək. Son söz II Elizabetin olacaq.