Zelenski vəd verdi: “Cinayətkarlar yaxa qurtara bilməyəcəklər”

06:00 12-01-2020 438

Tehranda baş verən “Boeing 737” faciəsinin günahkarlarının hamısı məsuliyyətə cəlb olunacaq. 

Ukrayna prezidenti Vladimir Zelenski özünün rəsmi saytında xalqa müraciətində bildirib ki, iranlı həmkarı  Həsən Ruhani ilə telefon danışıqları zamanı bu barədə razılığa gəliblər.

“Biz hadisənin baş verməsində günahkar olanların heç birinin yaxa qurtarmayacağına dair razılaşdıq”, - deyə Ukrayna lideri qeyd edib.

Prezidentin sözlərinə görə, ukraynalı ekspertlər hazırda hadisənin təfərrüatlarını aydınlaşdırırlar. Onlar İranın mütəxəssisləri ilə birgə işləyirlər.

Zelenski, həmçinin təyyarə qəzasında həlak olanların doğmalarına maliyyə yardımı göstərəcəyini vəd edib və  hökumətin İran tərəfindən, “Boeing 737”in məxsus olduğu aviaşirkət və sığorta şirkətlərindən kompensasiyaların alınmasına kömək edəcəyini bildirib.

Xatırladaq ki, yanvarın 8-də göyərtəsində 167 sərnişinin olduğu Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsi Tehranda qəzaya uğrayıb. Yanvarın 10-da İran sərnişin təyyarəsinin qanadlı raketlə səhvən vurulduğunu etiraf etdi. İslam İnqilabı Keşikçiləri Korpusu faciədə məsuliyyəti öz üzərinə götürüb. Bununla belə, SEPAH HHQ-nin komandanı general Əmir Əli Hacızadə İraqda ABŞ-a məxsus hərbi bazalara hücum dönəmində aviarabitənin kəsilməsi üçün rəsmi Tehrana müraciət etdiklərini, lakin tələblərinin yerinə yetirilmədiyini vurğulayıb.