Endirimlər zamanı aldanmamaq üçün nələr etmək lazımdır? - Stilistən alış-veriş məsləhətləri

16:00 12-01-2020 465

Azərbaycanda payız-qış geyimlərinin aşağı qiymətlərlə satışına start verilib. 

Ümumilikdə dünyada belə endirim kampaniyaları ildə iki dəfə olur ki, digər belə hal yay fəslinin sonunda yaz-yay geyim kolleksiyasının aşağı qiymətlərlə satışında müşahidə olunur. 

Bəzən xüsusi hazırlanmış təkliflər və aksiyalar təcrübəsiz alıcıların fikrini yayındıraraq onları artıq xərcə salar, vacib olmayan, eyni zamanda keyfiyyətsiz və dəbdən düşmüş məhsullar almağa sövq edə bilər. 

Bununla bağlı Media.Az-a geniş müsahibə verən stilist, geyim üzrə şəxsi məsləhətçi, alış-veriş üzrə mütəxəssis Səbinə Əsəd alıcıların endirim aksiyaları zamanı aldanmamaq üçün nələri bilməli olduqlarını, bunun üçün nələrə diqqət etmələrini açıqlayıb. 

Stilist bildirib ki, endirim aksiyaları zamanı müştəriləri ilə arasında ən çox bu sual-cavab yaşanır: “Bunu niyə almısınız?”, “Çünki endirimdə idi”. 

“Endirim mövsümü zamanı xüsusilə də xanımlar ağılları ilə deyil, impulsları ilə hərəkət edirlər. Əsas düşüncə budur ki, endirimdədirsə, almaq lazımdır. Çox vaxt isə bu alınan əşyalar öz dəyərlərini doğrultmurlar”. 

Səbinə Əsəd onu da qeyd edib ki, alış-verişə çıxmamışdan qabaq aşağıdakı qaydalara mütləq riayət eləmək lazımdır: 

1. Qarderobunuza nəzər salın 

2. Həqiqətən nəyə ehtiyacınız olduğunu müəyyənləşdirin. Bu zaman beyniniz məhz həmin şeyin axtarışına fokuslanacaq. 

3. Fikirləşin ki, əgər bu əşya endirimdə olmasaydı belə mən bunu almaq istəyirdimmi? 

4. Növbəti mövsümün trendlərini araşdırın, görün gələcəkdə bu aldığınız əşya sizə lazım olacaqmı? 

5. Büdcənizə mütləq qənaət edin.