Özünə villa tikdirən Əməkdar artist: Camaatın əlinə baxırıq

11:20 14-01-2020 98

Guya mən demişəm ki, “evdə dörd-beş qulluqçum olacaq”. Əslində bu söz mənim leksikonumda yoxdur. Mən belə sözləri xoşlamıram. Haqqımda belə danışanda da xoşuma gəlmir.

Bu sözləri Əməkdar artist Elnarə Abdullayeva HerGun.Az-ın əməkdaşı ilə söhbətində deyib.

“Adam var ki, lovğalanır, özünü göstərmək üçün belə sözlər danışır. Amma mən böyük danışmağı sevmirəm. Qulluqçu məsələsinə gəlincə, elə mən özüm də qulluçuyam. Əgər gedib kiminsə qapısında oxuyuramsa, demək mən də qulluqçuyam. Biz camaatın əlinə baxırıq. Əslində, o cür sözləri demək düzgün deyil”.

“Altımərtəbəli villa tikdirir” iddialarına isə əməkdar artist bu formada münasibət bildirib:

“Deyirlər ki, Elnarə altımərtəbəli villa tikir. Bu, həqiqəti əks etdirmir. Mən ev tikirəm amma altımərtəbə deyil. Öz alın tərimlə, zəhmətimlə ev tikdirirəm. Kiminsə cibinə girmirəm ki? Dövlətimə, millətimə yaxşı xidmət edirəm.

Əgər ev tikirəmsə, demək xalq Elnarəni sevir, ona beş-on manat pul verir, mən də ev tikirəm. Təsəvvür edin ki, on-iyirmi ildən sonra ağlayıram ki, evim yoxdur. Bu nə dərəcədə düzgün olacaq? Deməzlər ki, ay Elnarə xanım, sən yaxşı sənətkar idin, toylara da gedirdin, bəs hanı sənin pulun? Ona görə gərək az geyinəsən, az yeyəsən ki, özünə bir “koma” düzəldə biləsən.

Allah qismət eləsin, evimi tez tikib, başa çatdırım. Hamı kimi ev tikdirirəm”.

 “5-də 5” axşam şousunda verilişin aparıcısı Zaur Kamalın “Niyə görə evi olan sənətçilər dövlətdən ikinci dəfə ev istəyir?” sualına qalmaqallı şəkildə münasibət bildirən E.Abdullayeva mövzuya yenidən toxunaraq, məsələnə yenidən cavab verib:

“Aparıcı Zaur Kamal mənə bununla bağlı sual verdi. Söylədi ki, “İndi bir çox müğənnilər öz evlərini göstərmirlər ki, dövlətdən ev alsınlar. Cavab olaraq dedim ki, “mən hələ ki, cavanam. Allah məni bu günə qoymasın ki, dövlətimə, xalqıma, millətimə, ailəmə yük olum. Bilirik ki, bütün sənətkarlara dövlətimiz yetərincə qayğı göstərir, xidmət edir. Allah o günü mənə qismət etsin ki, ahıl yaşında problemim çıxarsa, dövlətim mənə yardım etsin”.

“Sözügedən verilişdəki bu çıxışınız Əməkdar artist Ruhəngiz Allahverdiyevanın heç xoşuna gəlmədi və aranızda qalmaqal yaşandı” şərhinə Elnarə Abdullayevanın cavabı isə belə olub:

Əməkdar artist Ruhəngiz Allahverdiyeva nədənsə bu sözləri öz üzərinə götürdü. Aramızda söz-söhbət oldu. Amma mənim ondan heç xəbərim yox idi. Bilmirdim ki, onun evlə bağlı hər-hansısa bir problemi var. Onunla səmimi şəkildə verilişlərin birində görüşdük.

Rəşad Əliyev