Kamran Əliyev: Prezidentin göstərişlərinə uyğun olaraq korrupsiya ilə mübarizə tədbirləri güclənəcək

13:40 15-01-2020 381

Prezidentin siyasi iradəsinə uyğun olaraq 2019-cu ildə də korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlər uğurla davam etdirilib.

HerGun.Az xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən strateji dövlət kursunun tətbiqi ardıcıl tarixi sınaqlardan çıxmaqla əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də milli maraq və mənafelərimizin qarantı olub:

“Bu dövlət idarəçiliyində formalaşdırılmış müsbət təcrübədir. Bu təcrübənin fonunda ötən il Azərbaycanın ictimai-siyasi xronikası əsasən üç istiqamət üzrə - iqtisadi, sosial və hüquqi sahədə aparılan köklü islahatlarla səciyyələnmiş, vətəndaş rifahının daha da yüsəldilməsinə hesablanmış bu siyasət ölkəmizin beynəlxalq arenadakı fəal və nüfuzlu mövqeyi ilə uğurlu vəhdət təşkil edib.

İqtisadi sferada sistemli olaraq gerçəkləşdirilən vergi və gömrük siyasətinin optimallaşdırılması, insan kapitalının inkişafı, kiçik və orta sahibkarlığın maliyyə resurslarına əlçatanlığı, sənaye və texnoloji parkların qurulması və bu kimi digər mühüm strateji tədbirlər bir tərəfdən makro-iqtisadi mühitin dayaqlarını daha da möhkəmləndirmiş, digər tərəfdən isə kölgə iqtisadiyyatının əhatə dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb”.

K.Əliyev onu da əlavə edib ki, iqtisadi səmərəlilik göstəricilərinin artan tempi ötən il öz müsbət nəticələrini əhalinin sosial müdafiəsi sahəsində də göstərib və bu istiqamətdə həyata keçirilmiş islahatlar paketi vasitəsi ilə vətəndaş rifahı naminə əhəmiyyətli addımlar atılıb.

Könül Cəfərli