Bakıda xəstəxanada beş yaşlı qızı ölən ata: “Həkim dedi ki, qrip belə davam edir” - YENİLƏNİB

18:40 15-01-2020 97

Bakıda xəstəxanada ölən uşaqla bağlı yeni məlumatlar var. 

Bakı sakini, 1990-cı il təvəllüdlü Ceyhun Məmmədov BAKU.WS-ə şikayətlə müraciət edib.

O, bildirib ki, qızı, 2014-cü il 20 sentyabr təvəllüdlü Füruzə Məmmədova yanvarın 13-də günorta saatlarında A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında dünyasını dəyişib.

Ceyhun bildirib ki, qızını ağır vəziyyətdə gecə saatlarında xəstəxanaya aparıblar. Xəstəxanaya daxil olarkən uşağın vəziyyəti ağır olub. Xəstəxananın Könül adlı növbətçi həkimi valideynlərə bildirib ki, Füruzənin halı olduqca pisdir. Ailə hər şeyə hazır olmalıdır.

C.Məmmədov deyir ki, qızı həkim səhlənkarlığının qurbanı olub.

O, bildirib ki, qızını Tibb Universitetinin Klinikası və “New med” tibb klinikasında çalışan Nəzakət adlı həkim müalicə edib.

Ata iddia edir ki, həkimin düzgün aparmaqdığı müalicə xəstədə əks göstərişə səbəb olub.

“Nəzakət xanım Füruzənin 2 aylığından həkimi olub. Biz getdik yanına, dedi ki, uşaqda heç nə yoxdur. Yanvarın 7-də onu “New med” tibb klinikasına apardıq.

Uşağı müayinə etdi, sonra bizi göndərdi Tibb Universitetinin Klinikasına. Uşağa günorta növbəsində sistem vuruldu. Əslində isə ona sistem vurulmamalıydı.

Uşağım həkimin səhlənkarlığdan öldü. Ona dedik ki, rentgenə salaq, dedi ehtiyac yoxdur.

Dedi ki, qrip belə davam edir. Uşağı ölümcül vəziyyətdə xəstəxanaya aparmışıq. A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında uşağın vəziyyətini ağır qiymətləndirdilər.

Lakin Nəzakət xanım deyirdi ki, qrip virusudur, düzələcək”, - deyə Ceyhun Məmmədov bildirib.

Qeyd edək ki, Füruzə Məmmədov xəstəxanaya aparılarkən oksigen 75-dən yuxarı qalxmırmış. Həkimlərin səyinə baxmayaraq, uşağın vəziyyətini düzəldə bilməyiblər.

Səhlənkarlıqda ittiham olunan Nəzakət xanımla əlaqə saxladıq. Həkim bildirdi ki, uşaqların ölümündə valideynlərinin də səhlənkarlığı az deyil.

“Onların ağrı-acısı böyük olduğu üçün danışqlarını bilmirlər. Burada valideyn məsuliyyətsizliyi də rol oynayır. Bundan artıq nəsə demək istəmirəm.

Məsələ ilə əlaqədar Füruzənin dünyasını dəyişən xəstəxana ilə əlaqə saxladıq. Xəstəxananın baş həkimi Azər Xudiyev açıqlamasında bildirdi ki, uşaq xəstəxanaya gətirilərkən halı çox pis olub.

“20 sentyabr 2014-cü il təvəllüdlü Məmədova Firuzə Ceyhun qızı 13 yanvar 2020-ci il tarixində saat 03:43-də preaqonal vəziyyətdə (ölümqabağı vəziyyət) A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına gətirilib.

Ona plevropnevmoniya, ikincili miokardit, III-IV dərəcəli tənəffüs çatışmazlığı, III dərəcəli ürək-damar çatışmazlığı diaqnozu qoyulub. Xəstəyə reanimasiyada intensiv terapiya aparılıb.

Ağciyərlər süni ventilyasiya aparatına qoşulub.

Təxminən 10 saat ərzində aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, 13:35-də xəstə dünyasını dəyişib”, - deyə Azər Xudiyev bildirib.

15:29

Bakıda A.F.Qarayev adına 2 saylı uşaq xəstəxanasında beş yaşlı Məmmədova Firuzə Ceyhun qızı vəfat edib. 

Redaksiyamıza gələn müraciətdə beş yaşlı qızın həkim səhlənkarlığından vəfat etdiyi iddia edilir.

HerGun.Az məsələ ilə bağlı A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanası ilə əlaqə saxlayıb.

Xəstəxanın baş həkimi Azər Xudiyev bildirib ki, 2014-cü il təvəllüdlü Məmədova Firuzə Ceyhun qızı 13 yanvar 2020-ci ildə saat 03:43-də preaqonal vəziyyətdə (ölümqabağı vəziyyət) xəstəxanaya gətirilib:

“Müayinə zamanı uşağa Plevropnevmoniya, İkincili miokardit, III-IV dərəcəli tənəffüs çatışmazlığı, III dərəcəli ürək-damar çatışmazlığı diaqnozları müəyyən edilib. 

Reanimasiyada intensiv terapiya aparılıb. Ağciyərlər süni ventilyasiya aparatına qoşulub. Təxminən 10 saat ərzində aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, xəstə saat 13:35-də vəfat edib”.

Könül Cəfərli