Əmisini öldürüb evinə od vuran şəxsin cəzası bəlli oldu - VİDEO

23:00 11-02-2020 661

2019-cu il martın 7-də Abşeron rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən “Abşeron Gənclər Şəhərciyi”ndə, Bina 76, Mənzil 23 ünvanda baş vermiş yanğının qarşısı alınıb.  

Mənzildəki çarpayıda ev sahibi Namiq Şıxməmmədovun meyiti aşkar edilib.  

Araşdırmadan sonra məlum olub ki, mərhumla gecə evdə qardaşı oğlu, 24 yaşlı Məzahir Şıxməmmədov olub. Həmin gün o, Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yaşadığı mənzildə şübhəli şəxs qismində saxlanılıb və dindirilərkən birlikdə spirtli içki qəbul etdikdən sonra əmisinə xəsarətlər yetirdiyini etiraf edib.  

Təyin olunan məhkəmə-tibbi ekspertizanın rəyinə görə, Namiq Şıxməmmədovun ölümünə açıq kəllə-beyin travması, boğulma ilə müşayiət olunan boyun üzvlərinin əllə sıxılması, eləcə də dəm qazından zəhərlənmə səbəb olub.  

İstintaqla müəyyən edilib ki, Məzahir əmisi Namiq Şıxməmmədovla martın 6-da Sumqayıt şəhərində görüşüb. Marketdən spirtli içki aldıqdan sonra birlikdə əmisinə məxsus Abşeron Gənclər şəhərciyində yerləşən evə gediblər və orada yeyib-iciblər. Ayın 7-i səhər saat 6 radələrində Namiq Şıxməmmədov aralarında yaranmış mübahisə zamanı Məzahirə təhqiramiz ifadələr işlətməklə, evdən getməsini tələb edib. Bu hərəkətinə görə Məzahir qisas məqsədi ilə əmisini yatağına yıxıb, yumruqla çoxsaylı zərbələr endirib. Sonra boğazından tutaraq onu boğub. Müqavimətini tam qırmaq üçün boş araq şüşəsi ilə onun sifətinə iki, başının arxasına isə bir dəfə zərbə vurub. Əmisinin huşsuz vəziyyətdə olduğunu, lakin ölmədiyini görüb. Mənzili yandırmaq üçün çarpayıya od vurub, hadisə yerini tərk edib.  

Namiq Şıxməmmədov aldığı xəsarətlər və tüstüdən zəhərlənmə nəticəsində hadisə yerində ölüb. Dindirilən zaman Məzahir əmisi ilə dost kimi tez-tez görüşüb, yeyib-içdiklərini bildirib. Onun sözlərinə görə, martın 6-sı əmisi ilə Sumqayıtda yerləşən kafedə spirtli içki qəbul etdikdən sonra, oradan çıxaraq marketdən əlavə spirtli içkilər alıb və əmisinin evinə gediblər. Evdə spirtli içkiləri içərkən Namiq aqressivləşib, Məzahirin və ailə üzvlərinin ünvanına söyüşlər işlətməyə başlayıb. Daha sonra evindən çıxıb getməsini tələb edib. Məzahir isə gec olduğunu, bu vaxt heç yerə gedə bilməyəcəyini deyib. Əmisi üstünə gələndə onun sifətinə yumruqla xəsarətlər yetirib, zərbələrdən Namiq çarpayıya yıxılıb.  

Sonra boş araq şüşəsini götürüb, əmisinin başına zərbələr endirib. Mənzildən çıxarkən mobil telefonları götürüb. Məqsədi əmisinin kimlərdənsə kömək istəməsinin qarşısına almaq olub. Telefonları isə 2 mərtəbə aşağıda su sayğacı üçün nəzərdə tutulan qutuya qoyub və həyətə düşüb. Taksi ilə Sumqayıta qayıdıb.  

Səhər anası onu yuxudan oyadıb, atasının zəng edərək əmisinin öldüyünü xəbər verdiyini bildirib. Məzahir Şıxməmmədov əlavə edib ki, yanğını törətməyib və bundan ümumiyyətlə xəbəri yoxdur.  

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məzahir Şıxməmmədov 17 il müddətinə azadlıqdan məhrum olunub.