MSK onun akkreditasiyasını ləğv etdi

16:40 13-02-2020 422

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb.  

HerGun.Az-ın xəbərinə görə, MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, müraciəti müşahidə missiyasının rəhbəri ünvanlayıb. 

Müraciət müşahidəçilərdən biri – Aygün Aktarın beynəlxalq akkreditasiyasının ləğv olunması ilə bağlıdır. 

“MSK qərara alır ki, müraciət təmin edilsin. Qərara alınır ki, Aygün Aktara verilən lövhəcik etibarsız hesab edilsin. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir”, - deyə R.Qasımov qərarı oxuyub. 

MSK sədri Məzahir Pənahov isə müraciətin konkret hansı səbəblə bağlı olduğunun açıqlanmasını tələb edib. İclasda iştirak edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndələri isə deyib ki, səbəbi yalnız missiyanın rəhbəri açıqlaya bilər. 

MSK sədri Məzahir Pənahov qeyd edib ki, məsələ aydınlaşdırılmadan Aygün Aktarın akkreditasiyası ləğv edilə bilməz. 

Sonda qərara alınıb ki, akkreditasiya ləğv edilsin.

Qeyd edək ki, fevralın 9-da Milli Məclisə seçkilər keçirilib. 

Aqşin Kərimov