İrandan qayıdan Gürcüstan vətəndaşları ölkələrinə buraxılmadı

18:20 27-02-2020 350

İranda səfərdə olan bir neçə Gürcüstan vətəndaşına koronavirusa yoluxma şübhəsi ilə vətənlərinə qayıtmağa izn verilməyib.

Bu barədə “Rustavi2” xəbər yayıb.

İctimai Səhiyyə Mərkəzinin məlumatına görə, infeksiyanın inkubasiya dövrü hələ keçmədiyi üçün onlara yoluxucu xəstəliklər xəstəxanasına getmək təklif edilib.

Onlarda yüksək temperatur və ölümcül virusun digər əlamətlərinin görünmədiyi vurğulanıb.

Qeyd edək ki, Gürcüstanda SARS-CoV-2 koronavirusuna ilk yoluxma halı qeydə alınıb. Virusa yoluxmuş Gürcüstan vətəndaşları İrandan Azərbaycan ərazisi vasitəsi ilə ölkəyə keçib. Bundan sonra Gürcüstan hökuməti İran vətəndaşlarının ölkəyə girişini iki həftə müddətinə qadağan edib.

Bundan əlavə, Gürcüstan vətəndaşlarına da İrana getmək müvəqqəti olaraq yasaqlanıb. Buna qədər isə ölkələr arasında birbaşa uçuşlar məhdudlaşdırılmışdı.