Dünyada koronavirusa görə kütləvi tədbirlər təxirə salınır

21:40 01-03-2020 319

Çində başlayan, indi isə bütün dünyada sürətlə yayılan koronavirus epidemiyası kütləvi tədbirlərin təqvimini ciddi şəkildə dəyişir. Məsələ koronavirusun hava-nəfəs yolu ilə ötürülməsində və buna görə də tez yayılmasındadır. Yoluxmamaq üçün həkimlər insanların kütləvi yığıldığı yerlərə getməməyi məsləhət görürlər. 

Belə ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı bildirib ki, yaxın günlərdə birgə iclasın təxirə salınması ilə bağlı müzakirələr keçirəcək. 2020-ci ildə birgə iclasn aprelin 13-19-da Vaşinqtonda keçirilməsi planlaşdırılırdı. 

Fevralın 29-da Fransa bütün ictimai tədbirlərin ləğv olunmasını elan edib. Bu, prezident Emmanuel Makronun iştirakı ilə Yelisey sarayında fövqəladə iclasdan sonra baş verib. Ləğv edilmiş böyük tədbirlər sırasında Paris marafonu, Kannda daşınmaz əmlak investisiyalarının sərgisi, Ansi şəhərində karnaval var. Parisdə Kənd Təsərrüfatı sərgisi bir gün qısaldılıb. 

Daha əvvəl bənzər addımı İsveçrə də atıb. Orada da tədbirlər ləğv edilir. Bu tədbirlərdən ən mühümü Cenevrə avtosərgisidir. 

Almaniyada, daha dəqiq desək, Berlində dünyanın ən iri turizm sərgisi ləğv edilib. Koronavirus Sars-CoV-2 ilə bağlı vəziyyətin gərginləşməsi səbəbindən Almaniyada dünyanın ən böyük İTB turizm yarmarkasının təşkilatçıları tədbirin keçirilməsindən imtina barədə qərar qəbul ediblər. Bu barədə İTB-nin rəsmi nümayəndəsi fevralın 28-də bildirib. Yarmarka martın 4-dən 8-dək Berlində keçməli idi. Orada turizm biznesi ilə məşğul olan on mindən artıq şirkətin iştirak edəcəyi nəzərdə tutulurdu. Təşkilatçılar yarmarkada 160 mindən çox daimi və yeni müsafirlərinin olmasını gözləyirdilər. 

İtaliyada bir sıra mədəni tədbirlərin təşkilatçıları kitab təqdimatları və sərgilər, mətbuat konfransları və premyeralar kimi tədbirləri koronavirusun yayılmasına görə ləğv edir və ya köçürürlər. Virusun yayıldığı ocaqların Lombardiya və Veneto vilayətlərində, Milandakı “La Skala” və Venesiyadakı “La Feniçe” daxil olmaqla bütün teatrlar, muzeylər, kitabxanalar, qalereyalar bağlanıb. Yoluxma qeydə alınmayan Liqurianın ən gözəl turizm məkanları bağlıdır. Həftənin sonuna qədər şəhərin mərkəzi sərgi salonu olan Genuya Akvariumu və Palazzo Dukale ziyarətçiləri qəbul etmir. Analoji tədbirlər Friuli-Venesiya-Ciulia və Trentino-Alto-Adidje bölgələrində tətbiq edilir. 

Mədəniyyət Nazirliyi bütün dövlət muzeylərində həftənin ilk bazar günü keçirilən “pulsuz muzey” aksiyasını ləğv edib. “Martın 1-də muzeyləri, arxeoloji parkları və digər görməli yerləri pulsuz ziyarət etməyə imkan verən aksiya dayandırılacaq”, - qurumun məlumatında deyilir. Səhiyyə Nazirliyinin sərəncamına və Nazirlər Kabinetinin qərarına əsasən, məktəb ekskursiyalarının bütün proqramları dayandırılır. Kinoteatrların bağlanması nəticəsində bir neçə bölgədə iki filmin ekranlara çıxması təxirə salınıb. “RAI News 24” kanalının məlumatına görə, artıq nümayiş etdirilən filmlərə tamaşaçı sayı da əhəmiyyətli dərəcədə azalıb. 

Qonşu Gürcüstanda İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti yaz semestrinin başlanğıcını ölkənin Təhsil Nazirliyinin təlimatlarına əsasən martın 2-dən 16-na keçirib. Yeni koronavirusun yayılması təhlükəsi ilə əlaqədar Gürcüstanın dövlət məktəblərində yaz tətillərini 2 həftə tez - martın 2-də başlamaq qərara alınıb. Tətillər martın 16-dək davam edəcək. Uşaq bağçalarında da təlimlər 2 həftə dayandırılıb. Bu müddət ərzində tədris müəssisələrində dezinfeksiya aparılmalıdır. Gürcüstan Təhsil Nazirliyi analoji tövsiyələrlə özəl məktəblərə də müraciət edib. Universitetlərə və peşə məktəblərinə yaz semestrinin başlanğıcını təxirə salmaq tövsiyə olunub. 

Yaponiyada kütləvi tədbirlər ləğv edilib, bazar ertəsindən məktəblərin əksəriyyəti bağlanacaq. Tokio və Osakada bu il martın ikinci yarısında baş verən ənənəvi sakura çiçəklənməsi bayramı qeyd edilməyəcək. Şənbə günündən başlayaraq martın ortasınadək “Disneylend” və digər attraksion parkları bağlanb. Şimalda yerləşən Hokkaydo adasında xəstəlik hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. 

Polşada meriya koronavirus təhlükəsi ilə əlaqədar bütün kütləvi tədbirləri ləğv edib. 

(Trend)