Qaydalara riayət etməyən marşrut avtobusu: Sərnişinlər basabasla daşınır - VİDEO

14:00 24-03-2020 22

Bakıda bəzi sərnişindaşıma avtobusları qaydalara riayət etmir.

HerGun.Az xəbər verir ki, söhbət 172 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusdan gedir.

Görüntülər redaksiyamıza vətəndaşlar tərəfindən göndərilib.

Metronun “Koroğlu” stansiyasından Bilgəh qəsəbəsi istiqamətində hərəkət edən avtobusun sürücüsü koronavirusla mübarizə çərçivəsində Nazirlər Kabineti tərəfindən qəbul edilən qaydaları kobud şəkildə pozur.

Təqdim edilən görüntülərin bu gün səhər saatlarında paytaxtın Sabunçu rayonunda, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının yaxınlığında qeydə alındığı bildirilib. Vətəndaşların avtobusa kütləvi şəkildə mindiyi və hətta qapı ağzında təhlükəli vəziyyətdə getdikləri görünür.

Qeyd edək ki, ötən gün Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda ölkə ərazisində koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin tətbiq edilməsi haqqında qərar qəbul edilib.

Nazirlər Kabinetinin qərarında ictimai nəqliyyatda sərnişin daşınması məsələsinə də toxunulub. Bildirilib ki, avtobuslarda olan yer qədər sərnişin daşınmasına imkan veriləcək. Avtobuslarda sərnişinlərin ayaq üstə getməsinə icazə verilmir.

Könül Cəfərli