Çində koronavirusla necə mübarizə aparılır? - ŞƏRH

12:40 25-03-2020 76

Son günlər COVID-19 epidemiyasının zəifləməyə başladığı Çindən yaxşı xəbərlər gəlir. Ölkədə hakimiyyət martın 25-dən Hubey əyalətinə giriş-çıxış məhdudiyyətlərini ləğv edir. Aprelin 8-dən etibarən isə COVID-19-un yayılma ocağına çevrilən Uhan şəhəri ilə nəqliyyat əlaqələrində məhdudiyyətlər aradan qaldırılacaq.

Belə bir uğura nail olmaq asan olmayıb. Hər kəs çinlilərin qanunlara tabe olan xalq olduğunu və buna görə, heç bir problem olmadan karantini, bütöv şəhər və vilayətlərə giriş-çıxışın bağlanmasını normal qarşılaya bildiklərini düşünməyə öyrəşib. Əslində isə, hər şey o qədər də sadə deyil.

Media.Az Şençjendə (Çinin cənub-şərqində böyük şəhər) yaşayan ingilis dili müəllimi Nikolay Gerasimovla söhbət edib. O, Çin Xalq Respublikasında indi və epidemiyanın pik səviyyəyə çatdığı vaxtlarda baş verənlərlə bağlı maraqlı təfərrüatlardan danışıb.

"İlk növbədə, qeyd etmək istəyirəm ki, bu dövrdə gələn bütün əcnəbiləri şəxsi hesabına karantinə göndərirlər. Pulsuz səhiyyə xidmətləri yalnız Çin vətəndaşları üçündür. Epidemiya elan ediləndə ölkədə çaxnaşma başladı. Şəhərlərə giriş-çıxışı bağladılar, tibbi vəsaitlərlə dolu yük maşınlarının “ovuna” çıxdılar, hətta COVID-19-un episentri olan Uhan şəhərinin sakinlərinin qapılarını möhürlədilər. Lakin hakimiyyət bu prosesi tezliklə dayandırdı. Çində mülki müdafiə və səhiyyə sistemləri çox yaxşı işləyir. Həkimləri çox səriştəli olmaya bilər, ancaq onlar çoxdur və xəstəxanalar kifayət qədərdir”, - deyə həmsöhbətimiz bildirib.

- Karantin rejimi ilə bağlı tədbirlər hələ də davam edirmi?

- Bəli, karantin rejimi saxlanılır. Məktəblər hələ də bağlıdır, buna görə də, işləmirəm. Bu, əlbəttə ki, şəxsən mənim üçün yaxşı deyil.

Hava limanlarında hərəkətlilik aktiv şəkildə süzgəcdən keçirilir, çünki epidemiyaya qədər ölkəni tərk etmiş bir çox çinli digər ölkələrdən qayıdır. Dediyim kimi, əcnəbilər öz hesablarına iki həftəyə qədər karantinə göndərilir. Yaşadığım Şençjendə iki həftədir yeni yoluxma halı qeydə alınmır, ancaq buna qədər bütün ölkədə yoluxma halları aşkarlanırdı. Əlbəttə ki, kütləvi şəkildə deyil – hər şəhərdə bir neçə yüz yoluxma halı müşahidə olunurdu.

İndi vəziyyət tədricən yaxşılaşır. Məsələn, kafelər açılır. Şençjendə insanlar artıq fevralın sonundan işə getməyə başlayıblar. Ancaq məktəblər hələ də bağlıdır.