Koronavirusun mesajı

16:40 25-03-2020 334

Ramin Musayev yazır...

Koronavirus pandemiyası təbiətin insanlara qarşı cavabıdır: əsrlərlə insanların öz rahatlıqları üçün ətraf mühitə vurduqları zərərə qarşı narazılıqdır. O, bütün dünyanı dayandırıb özünə tabe etdi. Bu faciənin sayəsində təbiət təmizlənir ki, insanların yaşaması üçün daha yaxşı imkan yaransın.

Yaxın zamanlarda koronavirusa qarşı peyvənd tapılacaq, bir müddətdən sonra həyat öz axarına qayıdacaq. Belə hadisələrin təkrarlanmaması üçün təbiəti qorumalıyıq. Bunda hamının iştirakı vacibdir.

Ekologiyanın korlanmasında avtomobillərin çox böyük rolu var. Özəlliklə son zamanlar taksi xidmətinin genişlənməsi, bu sahədə qiymətin aşağı düşməsi istehlakçılarda böyük maraq yaradıb. Bir tərəfdən, bu, yeni gəlir mənbəyidir və öz növbəsində, taksi sürücülərinin daha çox mənfəət əldə etməsinə yol açır. Əlbəttə ki, həmin sürücülər daşıma qiymətinin aşağı olması səbəbindən istismar xərclərini azaltmağa çalışırlar ki, gəlirlərini yüksəltsinlər. Bu da anlaşılandır, çünki biznesin əsasıdır. Bununla əlaqədar, həmin sürücülər də əhəmiyyətli həcmdə az yanacaq sərf edən hibrid mühərrikli avtomobillər əldə edirlər. Köhnə hibrid mühərrikli avtomobillər Azərbaycana çox ucuz qiymətə ABŞ və Gürcüstandan idxal edilir.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasından (AADA) aldığım statistik məlumatlarla tanış olanda gördüm ki, 2020-ci ilin ilk iki ayında Azərbaycana 123 milyon ABŞ dolları dəyərində 11.587 avtomobil idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur (2019-cu ildə 5.169 avtomobil). Eyni zamanda, həmin avtomobillərin orta qiyməti 9.226 ABŞ dollarına düşüb.

2019-cu ildə orta qiymət 12.663 ABŞ dolları (2018-ci ildə 15.599 ABŞ dolları) olub. Həmin göstərici əvvəlki illə müqayisədə 27 % aşağıdır. Bu da o deməkdir ki, idxalın böyük hissəsini köhnə avtomobillər təşkil edir. İdxal olunan maşınlardan yalnız 9 ədədi elektromobildir.

Bu avtomobillərin bir hissəsinin hibrid mühərrikli maşınlar olması bir tərəfdən sevindiricidir, digər tərəfdən isə qorxuludur. Sevincli tərəfi odur ki, onlar elektrik mühərriklərinin hesabına atmosferə atılan zərərli maddələrin payını azaldırlar. Təhlükəli tərəfi isə odur ki, onların ömrünün çox hissəsi artıq geridə qalıb və bu maşınlar qısa zamanda sıradan çıxacaqlar. Təəssüf ki, ölkəmizdə avtomobillərin utilizasiyası olmadığından, onların akkumulyatorları ekologiyamız üçün daha çox təhlükə yarada bilər.

Hesab edirəm ki, Azərbaycanda elektrik mühərrikli avtomobillərin təşviqi və onların daha sərfəli şərtlərlə idxalı üçün şərait yaradılmalıdır ki, yeni maşınların alınması genişlənsin. Çünki çox köhnə avtomobillərin ölkəmizə gətirilməsi ekologiyanı dəhşətli dərəcədə korlayır.

Ötən il elektriklə çalışan avtomobillərin idxalı ƏDV-dən azad edilib. Bu güzəşt avtomobil diler salonlarında elektrik mühərrikli avtomobillərin təklifini artırmalı idi. Amma təəssüf hissi ilə qeyd etməliyəm ki, heç bir dəyişiklik olmayıb. Bunun səbəbini AADA İşçi Qrupunun araşdırmasının nəticələrini müzakirə edərkən qrupun üzvü Vuqar Bayramov açıqladı. 

Ekspertin sözlərinə görə, ƏDV-dən azad olma yalnız gömrükdə baş verir. Diler həmin elektromobili satdığı zaman müştəridən ƏDV almaq məcburiyyətindədir. Yəni, rəsmi kanallar üçün heç bir dəyişiklik yoxdur. Yalnız fiziki şəxs elektromobili idxal etdiyi zaman ƏDV ödəmir. Fiziki şəxs sonradan maşını satdığı təqdirdə də vergi ödəmir.

İstehsalçılarla müqaviləsi olan rəsmi diler bu bazarı genişləndirə bilmir və təklifi baha olur, fiziki şəxs olan alverçilərlə rəqabətə girmək iqtidarında deyil. Bununla da, elektromobil bazarı qeyri-rəsmi bazara çevrilə bilər. Bir də maşın alverçilərinin vergi ödəmədiyini, çox zaman müştəriləri aldatdığını, heç bir zəmanət, servis və digər xidmətlər göstərməməsini nəzərə alsaq, müştərilərin çoxlu problemlərlə qarşılaşacağını proqnozlaşdıra bilərik.

Bu qaydalara dəyişikliklər etmək lazımdır ki, avtomobil bazarında vəziyyət fərqli olsun. İlk növbədə, elektrik mühərrikli avtomobilləri tam olaraq idxal və satış zamanı bütün vergilərdən, qoşulma hibrid mühərrikli maşınları isə ƏDV-dən azad etmək daha məqsədəuyğun olar. Onları təşviq edərək, satışının artması üçün digər imtiyazlar tətbiq edilə bilər. Alınması üçün güzəştli kredit, lizinq şərtləri olsa, avtomobil bazarında böyük dəyişikliklər baş verə bilər. Bu da həmçinin, ölkənin avtomobil parkının yenilənməsi, eləcə də, avtomobillər tərəfindən atmosferə atılan zərərli maddələrin həcminin azalması deməkdir.

Ekologiyanın korlanması insanların immunitetinin zəifləməsi deməkdir. Bu gün COVID-19-a yoluxan insanları yalnız güclü immunitet xilas edir. Gələcəkdə də belə virusların peyda olması riski var. Bu cür və digər xəstəliklərin yaranmaması üçün dəyişikliklər etməliyik. Təbiətimizi qoruyaraq yeni nəsillərə öz töhfəmizi verək.