İcra Hakimiyyətindən vətəndaşın döyülmə xəbəri ilə bağlı AÇIQLAMA

21:00 18-05-2020 382

Sosial şəbəkələrdə Goranboy rayon Qızılhacılı qəsəbə sakini Verdiyev Arzu Vəli oğlunun icra başçısının birinci müavini Ceyhun Həsənov tərəfindən döyülməsi ilə bağlı xəbərlər yer alıb. İddiala görə, Verdiyev Arzunun döyüldükdən sonra qurumun binasının pəncərəsindən yerə atılıb və o, müxtəlif bədən xəsarəti alıb.

Goranboy Rayon İcra Hakimiyyəti sözügedən iddia ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir:

“13.05.2020-ci il tarixdə Goranboy RİH-də, müəyyən edilmiş qrafikə əsasən keçirilən və çoxsaylı insanın iştirak etdiyi RİH Başçısının qəbulu zamanı, Qızılhacılı qəsəbə sakinləri Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu inzibati binanın həyətinə gələrək, özlərinin haqsız tələblərini təmin etmək məqsədi ilə, yəni başqa şəxslərə məxsus, rayonun Aşağı Ballıqaya kənd sakinləri Əskərov Etiram Akif oğlunun, Pirimov Əli İsaq oğlunun və Qızılhacılı qəsəbə sakinləri Hüseynova Aygün Rafiq qızının, Qəhramanov Yunis İslam oğlunun torpaqlarını öz zəbtlərində saxlamaq üçün bu məsələ ilə bağlı daxil olan müraciətlərin RİH tərəfindən araşdırılmasına qəti etiraz ediblər. Onlara “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən daxil olan müraciətlərin araşdırılmasının RİH-nin səlahiyyətinə aid olduğu izah edilib. Lakin, onlar bununla razılaşmayıb, qəbulda iştirak edən RİH-nin Başçısının Aparatının məsul işçiləri və digər rəhbər vəzifəli şəxslər haqqında təhqiramiz ifadələr işlətmiş, nalayiq hərəkətlər ediblər, qəbulun keçirilməsinə maneçilik törətməklə RİH qanuni iş rejimini pozmaga cəhd ediblər. Məsələ ilə əlaqədar dərhal rayonun hüquq mühafizə orqanlarına məlumat verilib və hazırda faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Məlumat üçün bildiririk ki, Verdiyev Arzu Vəli oğlu və Musayev Eldar Cabbar oğlu dəfələrlə sosial şəbəkələrdə yerləşdirdikləri video çəkilişlərdə Qızılhacılı bələdiyyəsinin torpaq sahələrindən istifadədə qanunsuzluqlara yol verildiyini bildiriblər. Qeyd edirik ki, 2019-cu və 2020-ci ilin ötən dövrü ərzində, müxtəlif məsələrlə bağlı həmin vətəndaşların RİH-nə daxil olmuş 10 sayda müraciətlərinə baxılıb və hər birinə qanunamüvafiq qaydada müfəssəl cavab verilib. 

Hər iki vətəndaş 04 may 2020-ci il tarixdə RİH-nin inzibati binasında İcra başçısı və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri tərəfindən qəbul edilib, müraciətləri ilə bağlı onlara bir daha qanunamüvafiq izahat verilib, məsələnin aidiyyəti dövlət orqanları tərəfindən yerində araşdırılacağı bildiriib. Onların müraciətinin təkrar qaydada araşdırılması üçün RİH tərəfindən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 05 may 2020-ci il tarixdə 127 nömrəli, ƏMDK yanında Torpaqların Dövlət idarəetməsinin təşkil üzrə Dövlət Agentliyinə 05 may 2020-ci il tarixli 128 nömrəli məktubla müraciət olunub. 

Qızılhacılı qəsəbə sakinlərinin RİH-ə daxil olmuş müraciətləri əsasında RİH tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Arzu Verdiyev qəsəbə sakini Qəhrəmanov Yunis İslam oğlunun icarəsində olan torpaq sahəsinin 5,0 hektarını, onu təhdid edərək əlindən alıb və həmin sahədə arpa əkib, digər qəsəbə sakini Pirimov Əli İsa oğlunun icarəsindəki Dövlət Ehtiyat Fonduna aid olan örüş sahəsinin daxilində qanunsuz arxlar çəkib, həmin sahənin bir hissəsini isə şumlayaraq pambıq əkin. Bundan başqa, sahibkar Hüseynova Aygün Rafiq qızının istifadəsindəki torpaq sahəsindən onun məcburi çıxmasını tələb edib və əhalinin pay torpaqlarına gedən yolu, həmçinin ərazidə mövcud olan hərbi məqsədli ehtiyat yolu zəbt edərək əkib. Arzu Verdiyevin bu qanunsuz hərəkətləri barədə vətəndaşlar tərəfindən RİH-ə daxil olmuş müraciətlər əsasında aidiyyəti üzrə Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır”.

16:20

Sosial şəbəkələrdə Goranboy rayon sakini Verdiyev Arzu Vəli oğlunun prezidentə videomüraciəti yayılıb. Həmin şəxs mayın 14-də Goranboy Rayon İcra Hakimiyyətinin başçısının qəbuluna getdiyini, bu vaxt başçının birinci müavini tərəfindən döyüldüyünü və pəncərədən atıldığını bildirir.

Goranboy sakini deyir ki, o, Prezident İlham Əliyevin Azərbaycanda ictimai nəzarətin zəif olması barədə çıxışından ruhlanaraq, Goranboy rayonunda baş verən qanunsuzluqlarla bağlı faktları ictimailəşdirib. Amma bunun əvəzində Rayon İcra Hakimiyyətində döyülüb.

“Dünən başçının qəbul günü idi. Mən də qərara aldım ki, Musayev Eldarla (yerli sakin) başçının qəbuluna gedim. İcra başçısının qəbuluna yaxınlaşdım, orada xeyli adam vardı, təxminən 40-50 nəfər...

İcra başçısının birinci müavini Ceyhun Həsənov bizi görüb çağırdı, qəbul edib dərdimizi dinləyəcəyini dedi. İçəri keçdikdən sonra bizim hərəmizi bir otağa saldı. Mənimlə kobud rəftar etdi, söydü, döydü, başımı pəncərəyə, divara vurdu.

Sonra məni pəncərədən atdı. Bunun nəticəsi olaraq əlimdə, başımda kəsiklər əmələ gəldi. İcra Hakimiyyətinin iki sürücüsü də mənə kömək etmək əvəzinə söydü, təhqir etdilər.

Deyilənə görə, biri Ceyhun Həsənovun bacısı oğludur. Yenidən məni pəncərədən içəri ataraq, hadisəni ört-basdır etməyə çalışdılar. Amma mən imkan tapıb qaça bildim və yaxınlıqdakı DTX rayon şöbəsinə sığındım. Sağ olsunlar, orada mənə yardım etdilər, təcili yardım çağırdılar, yaralarımı sarıdılar…”

Onunla birlikdə torpaq və örüş yeri məsələsi ilə bağlı şikayətini çatdırmaq üçün qəbula gedən Eldar adlı şəxs də videomüraciətdə təsdiq edir ki, icra başçısının müavini C.Həsənov A.Verdiyevin qolundan tutaraq içəri salıb. Ona isə təpiklə zərbə vurub.

Sakinin bildirdiyinə görə, onu İcra Hakimiyyətinin arxa tərəfindən içəri salıblar, zalın yanındakı otaqda, şikayətə gələnlərin yanında Ceyhun Musayev onu hədələyib və “səninlə sonra danışacam” deyib.

Ürək xəstəsi olan Eldar Musayev deyir ki, o, İcra Hakimiyyətindən çıxaraq DİN-in “102” xidmətinə zəng vurub, icra başçısının müavini tərəfindən döyüldüyünü bildirib. Polislər gəlib və onu maşınla evinə çatdırıb. Evdə E.Musayevin vəziyyəti pisləşib və o, xəstəxanaya müraciət edib.

Daha sonra ona xəstəxanada tibbi yardım göstəriblər. Polislər də xəstəxanada şikayətçinin ifadəsini alıb.

Sonda A.Verdiyev deyir ki, Ceyhun Həsənov Goranboyda oliqarxdır, çoxlu biznes obyektləri var və vəzifəsindən istifadə edib biznesinə himayədarlıq edir. 

“Xahiş edirəm, onun barəsində tədbir görəsiniz”,- deyə sakin prezidentə müraciətini yekunlaşdırıb.

Virtualaz.org